Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi
25 fevral 2022-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Mədəniyyət evində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon, kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, müəssisə və idarə rəhbərləri iştirak etdi.
İlk öncə Zəngilan rayon məktəblərində təhsil alan şagirdlərin hazırladığı, Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxıldı. Sərgidən sonra Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan ümumrayon tədbirinin rəsmi hissəsində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış etdi. Rayon rəhbəri bildirdi ki, XX əsrin sonunda baş vermis, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımından 30 il ötür. Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir.
Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. Hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.
Daha sonra 21 nömrəli Zəngilan rayon məktəbinin şagirdlərinin hazırladığı bədii kompozisiya nümayiş olundu. Sonda tədbir iştirakçıları faciəni əks etdirən soyqırım tarixi ilə bağlı video çarx izlədilər.