MƏKTƏB HƏYATININ UNUDULMAZ GÜNÜ
May ayının 31-də doğma Azərbaycanımızın hər yerində olduğu kimi, rayonumuzun ümumtəhsil məktəblərində də 2012-2013-cü dərs ilinin tamamlandığını bildirən «son zəng»lər səsləndirilmişdir. Rayon icra hakimiyyəti aparatının və təhsil şöbəsinin məsul işçilərinin iştirakı ilə keçirilən, rayonumuzun 293 onbirinci sinif şagirdi üçün doğma məktəblə vida nidası olan «son zəng» tədbirləri mütəşəkkil qaydada başa çatmışdır.
Rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov Sumqayıt şəhərində fəaliyyət göstərən 23 nömrəli tam orta məktəbdə «son zəng» tədbirində iştirak etmişdir.
Bu məktəb rayonumuzun nümunəvi təhsil ocaqlarından biridir. Burada tədris üçün hərtərəfli şərait yaradılmışdır. Məktəb rəhbərliyi və pedaqoji kollektiv onlara tapşırılmış işin məsuliyyətini dərindən dərk edərək, gənc nəslin təlim-tərbiyəsi sahəsində uğurlarını ildən-ilə artırırlar.
Məktəb direktoru Ramiz Qulamov öz çıxışında bu barədə qürur hissilə danışmışdır.
Rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov tədbirdə çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərilən hərtərəfli qayğıdan danışmış, bu il orta məktəbi bitirən məzunlara uğurlar arzulamış, pedaqoji kollektivi isə əldə olunan nəticələrdən arxayınlaşmamağa çağırmışdır.
Valideyn Musa Cəbrayılov, 11-ci sinif şagirdi Rüfanə Bəşirli, bu gündən məzun olacaq şagirdlərə ibtidai siniflərdə dərs demiş Arifə Hüseynəliyeva, onbirincilərin sinif rəhbəri Xanım Rüstəmova və digərləri «son zəng» tədbirində çıxış etmişlər.
Rəqslər, mahnılar, şeirlər, təbriklər, hədiyyələr bir-birini əvəz etmişdir. «Son zəng» tədbirinin oyatdığı kövrək duyğular, heç şübhəsiz, uzun illər yaddaşlardan silinməyəcəkdir.