Zəngilan rayon İcra hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirmişdir
27 sentyabr tarixi rəşadətli və müzəffər ordumuzun yenilməz sərkərdəsi, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamı ilə Anım Günü kimi Azərbaycan tarixində ilk dəfə qeyd olunur. Bu sərəncam ölkə Prezidentinin torpaqlarımızın azadlığı uğrunda böyük şücaət göstərmiş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizə, əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq imzalanıb. Bu şəhidlərin ruhlarına və onların ailələrinə, doğmalarına, bütövlükdə isə Azərbaycan xalqına ən ali ehtiramın göstəricisidir. İkinci Qarabağ müharibəsinin bizim şanlı tariximiz olduğunu qeyd edən Müzəffər Ali Baş Komandan, bu Qələbənin tarixdə əbədi qalacağını bildirmişdir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Sentyabrın 27-də Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirmişdir. Görüşdə İcra hakimiyyətinin məsul isçiləri, Ağsaqqallar Şurasının sədri, rayon idarə və müəssisə rəhbərləri iştirak etmişdir.
Görüş zamanı çıxış edən icra başçısı qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib. Torpaqlarımızın işğaldan azad edilməsi üçün Cənab İlham Əliyev müdrik Prezident olaraq düzgün, uzaqgörən daxili və xarici siyasət aparmış, orduya rəhbərlik edən Ali Baş Komandan olaraq yüksək sərkərdəlik qabiliyyəti ilə qətiyyətli qərarlar vermişdir. Məhz Ali Baş Komandanın rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı sayəsində düşmən məğlub edildi. O, bütün dünyaya sübut etdi ki, məhz erməni kimi, insanlıq xüsusiyyətlərindən uzaq bir düşmən tərəfindən uzun müddət işğal altında qalan torpaqlarımızın azad edilməsinin yeganə yolu müharibədir. Vətən müharibəsi və qazanılmış qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımızda əbədi olaraq qalacaqdır. Xalqımız bundan sonra da öz vədlərinə sadiq qalan Ali Baş Komandanın ətrafında sıx birləşəcək, hər zaman Anım Gününü böyük ehtiramla yad edəcək, öz şəhidlərinin ruhu qarşısında baş əyəcəkdir.
Sonda Ramiz Həsənov Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınlarına başsağlığı verərək ,onlara səbr dilədi.