Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəngilan rayonunda olub
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu əzəli torpaqlarımızı azadlığa qovuşdurdu. Torpaqlarımızdan məcburi köçkün düşən bir milyondan çox insanımız indi ata-baba yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyir.
Azad olunmuş torpaqlarımızda abadlıq-quruculuq işləri geniş vüsət alıb, yeni layihələr həyata keçirilir. Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar. Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının da təməlini qoydu. Bu hava limanı digər nəqliyyat infrastrukturu ilə birgə bölgənin inkişafında mühüm rol oynayacaq və azad edilmiş torpaqlarda ikinci hava limanı olacaq. Yeni hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Zəngilanın coğrafi mövqeyi və burada olan imkanlar təbii ki, rayonu beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan da daxil olmaq şərtilə əhatə edəcək.
Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış torpaqlarımızda nəqliyyat infrastrukturu ilə yanaşı, kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına da start verilib. Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə birinci “Ağıllı kənd” pilot layihəsinin Zəngilan rayonunda təməlqoyma mərasimi keçirilib.
Dövlətimizin başçısı Ağalı kəndində sakinlərlə görüşündə bildirib ki, Böyük Qayıdış bu gündən başlayır. İşğal ayı olan oktyabr bundan sonra zəngilanlılar üçün ancaq bayram ayı kimi qeyd ediləcək. Çünki Zəngilan, o cümlədən Ağalı kəndi mənfur düşməndən oktyabr ayında azad olundu.
Bütün dünya bir daha gördü ki, Azərbaycan xalqının nə qədər güclü iradəsi, doğma torpağa bağlılığı var. Hətta bu torpaqları görməyən gənclər öz ata-baba torpaqlarını azadlığa qovuşdurmaq arzusu ilə yaşayırdı və buna da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə nail oldu. İndi qalır qurub-yaratmaq. Bu istiqamətdə də ilk addımlar atılıb. Ağalı kəndi heç bir il keçmədən “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulacaq.
Birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. “Ağıllı kənd təsərrüfatı” özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir.
Prezidentin azad edilmiş ərazilərdə kəndlərin “Ağıllı kənd” konsepsiyası əsasında qurulması təşəbbüsü yerli sakinlər tərəfindən də müsbət qarşılanır. “Ağıllı kənd” layihəsi bərpa olunacaq kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin “ağıllı kənd təsərrüfatı” sisteminə inteqrasiyasında mühüm rol oynayacaq.
Yüksək texnologiyaların inkişafı və aqrar sahədə bu cür həllərin reallaşması “Ağıllı kənd” layihəsini zamanın zərurətinə çevirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu layihənin işğaldan azad olunmuş ərazilərdə tətbiqinə start verilməsi Böyük Qayıdış proqramının icrasında davamlı müsbət nəticələrə gətirib çıxaracaq.
İlk layihənin reallaşdırılacağı Ağalı kəndində 200-dək evin inşası nəzərdə tutulub. Halbuki 30 il əvvəl burada otuz ev olub. İndi Ağalıda kəndarası və kənddaxili yollar çəkilir. Hazırda layihənin icrası ilə əlaqədar kənddə 110-a yaxın işçi çalışır. İşlərin intensiv getdiyi vaxtda təqribən 600-700-ə yaxın işçi olacaq.
Daha sonra cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidini ziyarət edərək üzərində “Zəngilan məscidinin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 26 aprel 2021-ci il tarixində qoyulmuşdur” sözləri yazılmış xatirə daşını məscidin divarına hördülər.