Vətən müharibəsində şücaət göstərmiş bir qrup zəngilanlı qazilər ilə gənclərin onlayn görüşü keçirilmişdir
27 yanvar 2021-ci il tarixdə Zəngilan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsində iştirak edən bir qrup zəngilanlı qazilərlə onlayn görüş keçirilmişdir.
Görüşün keçirilməsində əsas məqsəd gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin Vətən müharibəsi şəhidlərinin və qazilərinin gənclər arasında tanıdılmasından ibarət idi.
Tədbirdə Vətən müharibəsi qazilərindən İsmayılov Vüsal Yunis oğlu, Həsənov Kənan Baloğlan oğlu, həmçinin, Zəngilan rayon Prokurorunun Böyük köməkçisi Nazim Zeynalov, Zəngilan rayon İcra hakimiyyətində şöbə müdirinin müavini Elmar Quliyev, Rayon Təhsil şöbəsinin müdiri Kənan İmaməliyev, YAP-ın Zəngilan rayon Gənclər Birliyinin sədri Nərmin Hüseynzadə, Birinci Qarabağ müharibəsi veteranları, ehtiyatda olan polkovnik, hərbi jurnalist, şair Mahir Cavadlı, ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədov, Azərbaycan Respublikası Şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Novruz Qəriboğlu, fəal gənclər və ümumtəhsil məktəblərinin Hərbi rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə qeyd etmişdir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi və komandanlığı altında rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində mənfur və qaniçən düşmən üzərində layiqli Qələbə qazanmağımız 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi digər rayonların vətənpərvər insanları kimi yurdsevər zəngilanlıların da əzəli ata-baba torpaqlarına qayıtmasına imkan yaratmışdı.
Bu böyük tarixi Qələbədə ölkəmizin vətənpərvər və qəhrəman gəncləri kimi zəngilanlı gənclər də fəal iştirak etmişlər. Onlardan 10 nəfəri şəhidlik zirvəsinə yüksəlmiş, 40-a yaxın gənc döyüşçü müxtəlif bədən xəsarətləri almışdır. Şəhidlərdən 6 nəfəri, yaralı əsgər və zabitlərdən isə 30 nəfəri müxtəlif orden və medallarla təltif olunmuşlar.
Vətən müharibəsində şəhid ailələrinə göstərilən diqqət və dövlət qayğısı davamlı xarakter alıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinin, o cümlədən müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasına xüsusi diqqət və qayğı göstərilir. Bu qayğı və diqqət Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Bununla əlaqədar olaraq Zəngilan rayonunda da bir sıra işlər həyata keçirilir. Zəngilan rayon İcra hakimiyyətinin başçısı və İcra aparatının əməkdaşları, idarə-müəssisə rəhbərləri, tanınmış ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrini müntəzəm olaraq baş çəkməyi özlərinə mənəvi borc bilir, onların problem və qayğıları ilə maraqlanırlar. Bu tədbirlər bundan sonra da ardıcıl surətdə və planlı şəkildə davam etdiriləcəkdir.
Sonra çıxış edən natiqlər qaziləri düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar. Onlar belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin qorunmasında vətənpərvərlik tərbiyəsinin yeri və rolunun əvəzsiz olduğunu, vətənpərvərlik tərbiyəsi sahəsində yeni layihələrin reallaşdırılmasının, gənclərin hərbi xidmətə hazırlanmasının, müasir texnologiyalar vasitəsilə Azərbaycan tarixinin gənclər arasında dərindən və hərtərəfli öyrənilməsində virtual imkanların yaradılmasını, həmçinin Vətən uğrunda qanından və canından keçən qəhrəmanlarımızı daim diqqət mərkəzində saxlamağı xüsusi ilə vurğulamış və onların Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq yolunun müntəzəm işıqlandırılmasının əhəmiyyətini qeyd etmişlər.
Görüşdə çıxış edən qazilərdən Vüsal İsmayılov və Kənan Həsənov müharibə ilə bağlı xatirələrindən və göstərdikləri igidliklərdən bəhs ediblər. Onlar, eyni zamanda qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulamaqla yanaşı, dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
Sonra tədbirdə iştirak edən gənclərə söz verilmişdir. Onlar da belə tədbirlərin davamlı keçirilməsinin gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını, şagirdlərin Azərbaycanın şanlı tarixi, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət etdiyini bildirmişlər.