Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır.Bəyanatın imzalanmasının səbəblərindən biri Şuşanın, daha sonra bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsidir. Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. BMT Nizamnaməsi özünümüdafiə hüququnu bəxş edir və Azərbaycan xalqı bu hüquqdan istifadə edir. Danışıqlar tamamilə səmərəsiz olduğu üçün Azərbaycan bu hüquqlarına müraciət etməyə məcbur oldu.
Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.
Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.
Bəyanatın üstünlükləri
• Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsinin müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı;
• Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır;
• Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycana maksimum sərf edən sənəddir;
• Ermənistan baş naziri əvvəlcə bəyanatı imzalamaqdan imtina etsə də, sonradan imzalamışdır. Beləliklə, Ermənistanın müstəqil siyasi iradəsi olmadığı, Rusiyanın forpostu olduğu bir daha təsdiqləndi;
• Bəyanat uzun illər davam edən işğala son qoyur;
• Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir;
• Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir;
• İmzalanacaq sazişdən sonra insanlarımızın 30 illik həsrətinə son qoyulur, insanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq;
• Bəyanatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür (işğal altında olduğu dövrdə Ermənistan həmin ərazilərdə çoxsəviyyəli dərin eşelonlaşdırılmış istehkam-sığınacaq sahələri yaradıb);
• Bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır;
• Bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir;
• Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Beləliklə, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olunur;
• Başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.
Bəyanatın əldə olunmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin səylərini yüksək qiymətləndirilməlidir. Münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb.