Şriftin ölçüsü :

Saytın rəngi :

2013-CÜ İLİN I RÜBÜ GENİŞ MÜZAKİRƏ EDİLMİŞDİR

05 may 2013 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprel ayının 14-də keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün  sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş geniş iclasında ölkə başçısının nitqi və qarşıda duran vəzifələr Zəngilan Rayon İcra Hakimiyyətində geniş müzakirə olunmuşdur.
Hesabat məruzəsi ilə çıxış edən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı R.Həsənov bildirmişdir ki, 2013-cü ilin I-ci rübündə rayon üzrə ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% artaraq 132 min manat təşkil etmiş, kənd təsərrüfatında 14,3% artım olmuş, bu artım heyvandarlıqda 59,1% təşkil etmiş, əhalinin gəlirləri hesabına orta aylıq nominal əmək haqqı artmışdır.
Dotasiya hesabına formalaşan rayon büdcəsinin yerli gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artıq olmaqla 469,6 min manat proqnoza 180,9 % çox əməl edilmiş, təhsil xərcləri 78,9%, kommunal təsərrüfat xərcləri 98,8%, səhiyyə, sosial təminat, mədəniyyət və turizm xərcləri icra edilmiş, ümumilikdə büdcənin xərc hissəsi 1528,4 min manat təyinata qarşı 1207,7 min manat, yəni 79% icra edilmişdir.
İlin I rübündə 83 ailə ünvanlı yardıma cəlb edilmiş, dövlət sosial müdafiə fondunun rayon şöbəsində rüb ərzində 5260 nəfər pensiyaçıya xidmət göstərilmiş, pensiya və müavinətlərin ödənişi mövcud qaydalara uyğun aparılmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 81-i artıq olmaqla yeni daimi iş açılmışdır. Rüb ərzində 27 nəfər iş axtaran vətəndaş mərkəzdə qeydə alınmış, bunlardan 7-si müxtəlif peşələrdə münasib işlə təmin edilmişdir.
Cari ilin I rübündə məktəblərin maddi texniki bazasının yaxşılaşdırılması üçün texniki avadanlıqların alınıb verilməsi təşkil olunmuş, 36 ümumtəhsil və 3 məktəbdənkənar müəssisənin fəaliyyətinə nəzarət edilmiş, təlimdə 98,6% mənimsəmə qeydə alınmış, Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə geniş tədbirlər planı hazırlanıb məktəblərdə həyata keçirilməsi üçün iş aparılmış, 19 şagirdə 1 kompyuter düşməklə 206 ədəd kompyuter məktəblilərin istifadəsinə verilmiş, informatika üzrə mütəxəssislərin ixtisas artırma kurslarından keçməsi təmin edilmişdir.
Mərkəzi rayon xəstəxanasının poliklinikası və yeni qəsəbədə feldşer tibb məntəqəsi fəaliyyət göstərmiş, hesabat dövründə müraciət edən 1311 nəfər ambulator qəbul edilmiş, qeydiyyata götürülmüş 150 nəfər şəkər xəstəsinə müxtəlif dərman preparatları və şəkər üçün qlukometr aparatı pulsuz verilmişdir.
Rayon Mədəniyyət və Turizm şöbəsi 2 mədəniyyət evinin, mərkəzi kitabxana sisteminin, 1 klubun, 3 musiqi məktəbinin fəaliyyətinə nəzarət etmiş, mədəni-kütləvi tədbirlərin keçirilməsində bəzi işlər görülmüş, rayon icra hakimiyyətinin tədbirlərinin keçirilməsində fəallıq göstərmişdir.
Cari ilin 1-ci rübü ərzində rayon icra hakimiyyətinə vətəndaşlardan 329 ərizə daxil olmuş, onlardan 104-ü birdəfəlik maddi yardım, 24-ü mənzil,3-ü təhsil, 2-si səhiyyə, 20-si əhalinin sosial müdafiəsi, 10-u əmək məsələləri (işsizlik, əmək haqqı və s.), 1-i enerji, qaz və su təchizatı, 10-u təsərrüfat ayrılması, 150-si isə ev, torpaq verilməsi, köçürülmə və digər məsələlərlə baglı olmuşdur. 
Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması məsələlərini tənzimləyən Dövlət Proqramının icrası nəticəsində 2297 ailə (9188 nəfər), yəni əhalinin ümumi sayının 23,5 faizinin mənzil problemi həll edilmişdir. Dövlətqaçqınkomun xətti ilə 6 yeni məktəb binası tikilib istifadəyə verilmiş, əlavə olaraq 7 sinif otağı tikilmiş, 11 məktəb binası təmir edilmiş, avadanlıqlarla təchiz edilmişdir.
Hesabat dövründə 9 səyyar görüş keçirilmiş, bu tədbirlərdə 475 nəfər iştirak etmiş, 24 müxtəlif xarakterli müraciət səslənmişdir ki, onlardan 18-i müsbət həll edilmiş, 3-ü barədə müvafiq tədbir görülmüş, 3-ü üzrə aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılmışdır.
Cari ilin I rübü ərzində RİH başçısı tərəfindən 150 nəfər aparatda qəbul edilmiş, müraciətlərin torpaq, mənzil və iş məsələsi istisna olmaqla əsasən 83 faizi müsbət həll edilmişdir.
Məruzə ətrafında müzakirələrdə rayon İcra hakimiyyətinin şöbə müdiri M.Bağırova, Mədəniyyət və Turizm şöbəsinin müdiri M.Nəsirov və digərləri həlli vacib problemlərə toxunmuş, təkliflər irəli sürmüşlər.

Keçidlər