ŞANLI YUBİLEYLƏR QEYD EDİLDİ
Zəngilan Rayon İcra Hakimiyyəti aprel ayının 29-da idarə-müəssisə, təşkilat rəhbərlərinin, inzibati ərazi dairələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın 90 illik yubileylərinə həsr edilmiş rəsmi və ədəbi-bədii hissədən ibarət geniş tədbir keçirmişdir.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinin klubunda təşkil olunan yubiley tədbiri rayon icra hakimiyyətinin foyesində Heydər Əliyevin büstü önünə təzə-tər qızıl güllər qoyulması ilə başlanmışdır.
Sonra yubiliyarların portretlərinin və al-əlvan gül-çiçək çələginin bəzədiyi qəsəbə klubunda çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov tədbir iştirakçılarını salamlamış, qeyd etmişdir ki, bu, yeni qəsəbədə keçirilən ilk toplantı olması baxımından əlamətdardır. Həm də çox xoş haldır ki, ilk tədbirimiz xalq-millət üçün son dərəcə dəyərli, sevilən şəxsiyyətlərin şərəfinə təşkil edilmişdir.
Rayon rəhbəri müasir standartlara cavab verən yeni qəsəbənin istifadəyə verilməsini məcburi köçkünlər üçün, xüsusən də zəngilanlılar üçün gözəl töhfə olduğunu, onun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakının əhəmiyyətini xüsusu vurğulamışdır.
– Sizin adınızdan ölkə başçısını əmin etmək istəyirəm ki, yeni qəsəbənin gözəlliklərini qoruyub-artıraraq onu nümunəvi yaşayış massivinə çevirməklə, öhdəmizə dərin vəzifələri yüksək məsuliyyət hissilə yerinə yetirməklə, ictimai-siyasi tədbirlərdə dövlətə, dövlətçiliyə sədaqətimizlə biz göstərilən qayğıya cavab verəcəyik, - deyə cənab R.Həsənov bildirmişdir.
Sonra başçı əbədiyaşar şəxsiyyət Heydər Əliyev və onun sədaqətli ömür-gün yoldaşı görkəmli oftalmoloq Zərifə Əliyevanın dövlət, xalq qarşısında xidmətləri, şəxsi keyfiyyətləri haqqında danışmış və tədbiri açıq elan etmişdir.
Əsasını Sumqayıt Dövlət Musiqili Dram Teatrı kollektivinin hazırladığı Heydər-Əliyev-Zərifə Əliyeva məhəbbətinin bütövlüyünün, qırılmazlığının, ümümmilli liderin keçməkeşli həyat-mübarizə tarixinin təcəssümü təşkil edən əbədi-bədii kompazisiya və mügənnilər-Azərbaycan Dövlət Muğam teatrının solistləri Adilə Aflaki, Tural Salmanov, eləcə də Nərgiz və Günay Mehdiyevalar, Cahan Əsədova, Səlimə Məmmədovanın ifa etdiyi mahnılar, Könül Bayramovanın telli sazda səsləndirdiyi el havası, Vidadi Məmmədovun Heydər Əliyev haqqında söylədiyi şeir, Zəngilan Rayon Mədəniyyət şöbəsinin «Çinar» instrumental ansamblının ifaçılıq məharəti iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbir dolğunluğu və təsir gücü ilə dərin təəssürat yaratmışdır.