RAYON QADINLARININ KONFRANSI
Azərbaycan Qadınlarının IV qurultayına hazırlıq mərhələsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə rayon qadınlarının konfransını keçirmişdir.
Aprel ayının 30-da Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinin klubunda təşkil edilən konfransda əvvəlcə ümummilli liderin Azərbaycan qadınına böyük diqqət və sevgisini göstərən «Heydər Əliyev və dövlət qadın siyasəti» sənədli filmi nümayiş olunmuşdur.
Sonra rayon icra hakimiyyəti başçısının müavini –ictimai-siyasi və humnitar məsələlər üzrə şöbənin müdiri Nizami Mönsümov rayonda dövlət qadın siyasətinin həyata keçirilməsi sahəsində Azərbaycan Qadınlarının III Konfransından ötən dövr ərzində rayonda görülmüş işlər barədə məruzə etmişdir. Məruzəçi ölkəmizdə qadınların hüquqlarının qorunması, həyat və sosial məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində xüsusən ulu öndər H.Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı tədbir və işlərdən danışmışdır.
Qeyd etmişdir ki, xalqımızın şanlı oğlu Heydər Əliyevin qadınlara etimad kursu möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində bu gün də uğurla davam etdirilir. Azərbaycan qadınları mühüm dövlət orqanlarında işlərə daha geniş cəlb olunur, qeyri-hökumət təşkilatlarında, özəl fəaliyyət sahəsində, bütövlükdə ölkəmizdə gedən möhtəşəm quruculuq işlərində böyük fədakarlıqla iştirak edirlər.
Rayonda fəliyyət göstərən cəmiyyət və birliklər də dövlət qadin siyasəti istiqamətində daim tədbirlər hazırlayıb həyata keçirirlər.Son illər yaradılmış məcburi köçkün qadınlar ictimai birliyi bu sahədə xüsusilə seçilir. Bir qayda olaraq qadınların fəallığını artırmaq istiqamətində tədbirlər görülür. Səhid analarınin rayon tədbirlərində iştirakı təmin edilir, onları narat edən məsələlər ön plana çəkilir. Şəhidlərin anım günləri keçirilir, şəhid ana və bacılarının problemləri ilk növbədə həll edilir.
Məruzəçi göstərmişdir ki, dövlət qadın siyasətinin icrası istiqamətində görülmüş işlərlə yanaşı, bu sahədə həllini gözləyən məsələlər də vardır.Rayonun bəzi idarə, müəssisə və təşkilatlarında dövlət qadın siyasətinin həyata kecirilməsi ilə əlaqədar aparılan işlər verilmiş fərman, qəbul olunmuş qərar və göstərişlərin tələblərinə qismən cavab verir. Bir cox hallarda Gender bərabərliyi gözlənilmir. Rəhbər vəzifələrdə işləyən qadınların say tərkibi kişilərə nisbətdə azdır və s.
Son dövrlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin tərəqqisi yolunda həyata keçirdiyi böyük quruculuq işləri qadınlarımızın da cəmiyyətdəki yerini və mövqeyini durmadan möhkəmləndirir.Bütün xalqımız kimi, cəmiyyətimizin çox dəyərli və hörmətli təbəqəsi olan qadınları da gözəl gələcək gözlədiyinə heç bir şübhə yoxdur. Bu xoşbəxtliyə biz həm də doğma torpaqlara qovuşmaqla çatacağıq.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məruzədə məsələlərin qoyuluşundan, ayrı-ayrı sahələr üzrə aparılan təhlildən razı qaldığını bildirmiş, görülən işləri dəyərləndirməklə yanaşı, bütövlükdə bu gün ölkəmizin qadınlarını narahat edən problemlərə toxunmuş, onları aradan qaldırmaq üçün dövlətin və cəmiyyətin qarşısında duran vəzifələri diqqətə çatdırmışdır. Rayon icra hakimiyyətinin rəhbərliyi və təşkilatçılığı ilə Zəngilanda ailə, qadın və uşaq problemləri ilə bağlı məsələlərin həllinə bundan sonra da önəm veriləcəyinə əmin olduğunu söyləmişdir.
Rayon qeydiyyat şöbəsinin rəisi Roza Fərəcova, Məcburi Köçkün Qadınlar İctimai Birliyinin sədri Zərifə Həmzəyeva, RİH-nin şöbə müdiri müdiri Maya Bağırova, YAP Zəngilan rayon təşkilatı qadınlar şurasının sədri Almaz Osmanova çıxış etmişlər.
Sonra təşkilatı məsələyə baxılmışdır.Zərifə Həmzəyeva, Maya Bağırova, Dilşad Həsənova, Ramilə Vəliyeva, Nərminə Bağırova, Roza Fərəcova və Almaz Osmanova Azərbaycan qadınlarının IV qurultayına nümayəndə seçilmişlər.
Bununla da konfrans öz işini yekunlaşdırmışdır.