Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir abad qəsəbə məcburi köçkünlərin istifadəsinə verildi!

06 aprel 2013 | 15:00

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Pqoqramı” və ona edilmiş Əlavələrə uyğun olaraq daha bir mühüm layihə öz uğurlu həllini tapdı. Masazır qəsəbəsində «Duzlu göl» adlandırılan ərazisinin cənub hissəsində tikintisinə 2012-ci ilin may ayında başlanmış iri yaşayış massivi bir ildən də az müddətdə inşa olunaraq istifadəyə verildi.
Aprel ayının 1-də bu münasibətilə yeni salınmış şəhərciyə gələn Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və digər hökumət rəsmləri alqışlarla qarşılamışlar.
Cənab İlham Əliyev və onu müşayət edən dövlət rəsmləri görkəmi ilə göz oxşayan, rayonunun əsas idarə-müəssisə və təşkilatlarının iş, fəaliyyət imkanlarını, 760 məcburi köçkün ailənin isə mənzil-məişət şəraitini əsaslı surətdə yaxşılaşdırmağa imkan verəcək şəhərciklə tanışlığa rayon icra hakimiyyəti üçün inşa edilmiş üçmərtəbəli binadan başlamışlar. 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə məlumat verərək bildirmişdir ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev bu istiqamətdə 81 Fərman və Sərəncam imzalamış, Nazirlər Kabineti 307 qərar vermiş, Milli Məclis 24 qanun qəbul etmişdir. 2003-2012-ci illərdə isə bu sahədə Prezident İlham Əliyev tərəfindən 49 Fərman və Sərəncam imzalanmışdır. Ötən dövrdə iki Dövlət Proqramı və həmin Dövlət Proqramlarına edilən əlavələr təsdiq edilmiş və onlar uğurla icra olunmuşdur. 2001-2012-ci illərdə 31 min ailə və ya 140 min nəfərdən çox qaçqın və məcburi köçkün üçün 77 qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və fərdi evlər tikilmişdir. Bu dövrdə 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, iki Olimpiya İdman Kompleksi, 37 rabitə evi inşa olunmuş, minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilmişdir. Həmçinin, 1348 ailə və ya 6740 məcburi köçkün Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsait hesabına dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülmüşdür. Ümumilikdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1993-2012-ci illərdə 5,4 milyard dollar vəsait xərclənmişdir. 2012-ci ildə Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılmışdır ki, bu da 2011-ci illə müqayisədə 2,2 dəfə, 2003-cü ilə nisbətən isə 15 dəfə çoxdur. 2013-cü ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 590 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Dövlət Neft Fondundan ayrılacaq 300 milyon manat vəsait hesabına 4 min ailə, yəni 20 min nəfər məcburi köçkün üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə salınacaqdır.
Dövlətimizin başçısı əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə maraqlanmışdır. Ən müasir standartlar səviyyəsində inşa olunmuş binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, ulu öndərin qaçqın və məcburi köçkünlərə qayğısını və onlarla görüşlərini, eləcə də Zəngilanın işğaldan əvvəlki görüntülərini əks etdirən fotostend yaradılmışdır. Binada iş fəaliyyəti üçün hər cür şərait vardır.
Sonra ölkə başçısı Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilinin şəraiti ilə tanış olmuşdur. Ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Vəli Quliyev verilmiş üçotaqlı rahat mənzilə görə ölkə başçısına minnətdarlıq etmişdir.
Ölkə başçısı çay süfrəsi ətrafında mənzilin sahibi ilə söhbət edərək erməni təcavüzü nəticəsində yurd-yuvasından məhrum olan insanların həyat, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərə diqqət yönəldərək demişdir:
İndi beynəlxalq qurumlar da bunu qeyd edir ki, Azərbaycanda bu məsələyə göstərilən diqqət və yanaşma bütün başqa ölkələr üçün də nümunədir. Çünki beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri, xarici dövlətlərin nümayəndələri vaxtaşırı qəsəbələrə gəlir, tanış olurlar. Xüsusilə qaçqınlarla bağlı məsələlərə cavabdeh olan şəxslər də birmənalı qaydada deyirlər ki, Azərbaycanda bu məsələ ən yüksək səviyyədə həll olunur. Yəni, belə evlər, belə qəsəbələr heç bir ölkədə tikilmir. Dünyada bir çox ölkələrdə qaçqın-köçkün problemləri vardır. Ancaq bu problemlərin ən uğurlu həlli metodu Azərbaycandadır…
Vəli Quliyev məcburi köçkünlərə, eləcə də onun ailəsinə göstərdiyi qayğıya görə bir daha Azərbaycan Prezidentinə minnətdarlıq etmişdir.
Yeni məhəllə ilə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırılmışdır ki, buraya Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində müvəqqəti məskunlaşmış 760 ailə və ya 3420 məcburi köçkün köçürüləcəkdir. Məcburi köçkün ailələrdən 460-ı Zəngilan, 66-sı Ağdam, 52-si Cəbrayıl, 40-ı Füzuli, 142-si isə Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocavənd, Xocalı rayonlarındandır.
12 hektar sahəni əhatə edən yeni məhəllədə yaşayış binaları ilə yanaşı, 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. tikilmişdir. Su, elektrik və qaz təchizatı şəbəkələri Abşeron rayonunun kommunikasiya sisteminə qoşulmuşdur. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə tikilmiş qəsəbənin inşasına 83,9 milyon manat sərf olunmuşdur.
Azərbaycan Prezidenti məhəllədə salınmış 280 yerlik “Şəfəq” uşaq bağçası ilə də tanış olmuşdur. Bağçanın ikimərtəbəli binasında balacaların qayğı ilə əhatə edilmələri və  təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır.
Daha sonra Prezident İlham Əliyev 540 şagird yerlik Zəngilan rayon 33 nömrəli tam orta məktəbinə gəlmişdir. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məcburi köçkünlərlə görüşlərini, təhsilə diqqət və qayğısını əks etdirən stendlər quraşdırılmışdır.
Yüksək tələblərə cavab verən şəraiti, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait vardır.
Prezident İlham Əliyev məktəbin kompyuter otağında və idman zalında yaradılmış şəraitlə tanış olmuş, Zəngilan rayonunun “Araz” idman klubu idmançılarının nümunəvi çıxışlarına baxmış və idmançılarla xatirə şəkli çəkdirmişdir.
Ölkəmizin rəhbəri məktəbin ikinci mərtəbəsində təşkil olunan Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi ilə tanış olmuşdur.
Sonra Azərbaycan Prezidenti burada məcburi köçkünlər və inşaatçılarla görüşmüş,onları salamlayaraq yeni qəsəbənin istifadəyə verilməsi münasibəti ilə təbrik etmişdir. Dövlət başçısı bildirmişdir ki, Azərbaycan vətəndaşına, xüsusilə məcburi köçkünlərə yüksək qayğı dövlət siyasətidir. Ölkəmizdə yurd-yuvasından didərgin salınan insanlar üçün ilk qəsəbə ulu öndər Heydər Əliyev tərəfindən salınmışdır. İndii istifadəyə verilən bu gözəl qəsəbə isə artıq 78-cidir. 2007-ci ildə sonuncu çadır şəhərciyi ləğv edilmişdir. İndiyədək 140 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Bu il də ən azı bir o qədər köçkün yeni mənzillər alacaqdır. Həm də təkcə paytaxda deyil, Mingəçevirdə, Gəncədə, başqa bölgələrdə. Bütün mənbələrdən məcburi köçkünlərin problemlərinin həlli üçün  bu il 600 milyon manata qədər vəsait nəzərdə tutulmuşdur.
Azərbaycan Prezidenti həm də vurğulamışdır ki, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad olunandan sonra biz bundan da gözəl binalara, evlər tikəcəyik, gözəl şərait yaradacağıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan ölkə başçısı qeyd etmişdir ki, Azərbaycanın mövqeyi birmənalıdır. Bu mövqe tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır.
Bununla belə Azərbaycan Prezidenti aparıcı dövlətlərin və münaqişəni həll etməli olan beynəlxalq təşkilatların ikili mövqeyini tənqid etmiş və demişdir ki, bütün bunlara baxmayaraq qüvvələr nisbəti artıq bizim xeyirimizə dəyişmişdir. Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir. Bütün bunlar öz nəticəsini verəcək, biz öz doğma torpaqlarımıza, o cümlədən Zəngilana qayıdacağıq, Azərbaycan bayrağı bütün şəhərlərimizdə dalğalanacaqdır.
Dövlət rəhbəri yeni qəsəbənin açılışı münasibtəil mərasim iştirakçılarını bir daha ürəkdən tədrik etmişdir.
Açılış mərasimində Zəngilan ictimaiyyəti adından çıxış edən rayon ağsaqqallar şurasının sədri Xuduş İskəndərov məcburi köçkünlərə göstərdiyi yüksək diqqət və qayğıya, eləcə də istifadəyə verilmiş müasir, gözəl qəsəbəyə görə ölkə başçısına minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, görülən bütün bu işlər ulu öndərimiz Heydər Əliyevin siyasətinin və ideyalarının yaradıcılıqla inkişaf etdirilməsinin nəticəsidir.
O, ağrılı işğal günlərində Arazın suyunun azaldılmasına nail olmaqla və əhalinin İran İslam Respublikasının ərazisinə keçməsinə icazə almaqla xilaskarlıq missiyasını yerinə yetirən Heydər Əliyevə zəngilanlıların daim minnətdar olduqlarını bildirmişdir.
X.İskəndərov çıxışına aşağıdakı fikirlərlə tamamlamışdır:
-Mən siyasətçi deyiləm, lakin bir söz demək istəyirəm. Qoy bütün dünya bilsin ki, nə xaricdə, nə daxildə heç bir qüvvə Azərbaycan xalqının tarixən sınanmış iradəsini qıra bilməz. Biz birmənalı olaraq bugünkü Prezidentimizi dəstəkləyirik, onun ətrafında sıx birləşəcəyik və həmişə ona dəstək olacağıq. Allah Sizə yar olsun, Ulu Tanrı Sizi qorusun!
Sonda bu xoş mərasimə toplaşanlar Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdirmişdirlər.
Beləliklə, qaçqın-köçkün problemlərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti cənab İlham Əliyevin qayğısı və bu sahədə ölkə başçısının müəyyən etdiyi kursu dönmədən yerinə yetirən Dövlətqaçqınkomun təşkilatçılığı ilə daha bir abad qəsəbə məcburi köçkünlərin istifadəsinə verilmişdir. Bu əlamətdar hadisə zəngilanlilar üçün xüsusilə önəmlidir. Təkcə ona görə yox ki, yeni yaşayış massivinə köçürülənlərin böyük əksəriyyəti zəngilanli ailələrdir. Həm də ona görə ki, bundan sonra rayonun əsas  idarə-müəssisələri burada yerləşəcək və şəhərcik Zəngilanın inzibati mərkəzinə çevriləcəkdir.
Qeyri-rəsmi olsa da, indidən qəsəbəyə “Çinarlı” adı verilib. Təbii Çinar meşəsinin sahəsinə görə Avropada birinci, dünyada ikinci yeri tutan Zəngilanın inzibati mərkəzinə yəqin ki, bundan münasib ad düşünmək çətindir. Bu bahardan başlayaraq şəhərciyin ərazisində çox sayda xan çinar əkmək planlaşdırılıb. Heç şübhəsiz, burada dərinə kök atıb qamətlənən çinarlar  görünüşləri ilə Zəngilana  bağlılıq duyğularına özləri kimi qol-qanad verəcəklər!

Keçidlər