İLƏ YEKUN VURULDU
8 fevral 2013-cü il tarixdə 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında RİH-nin başçısı cənab R.Həsənovun məruzəsi dinlənilmişdir. Rayon rəhbəri göstərmişdir ki, dünya ölkələrində baş verən iqtisadi, ictimai-siyasi proseslərə əsasən təhlil aparsaq, 2012-ci il bütövlükdə çətin il olmuşdur. Hətta Avropanın bir çox aparıcı dövlətləri iqtisadi böhrandan yaxa qurtarmaq üçün yollar axtarmaq məcburiyyətində qalmışlar. Bununla belə, ölkə başçısı möhtərəm İlham Əliyevin 9 il öncədən başladığı balanslaşdırılmış daxili və xarici siyasət nəticəsində müstəqil Azərbaycanımız 2012-ci ildə də inkişaf pillələri ilə irəliləməkdə davam etmiş, öz iqtisadi gücünü daha da artırmışdır.
Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 15 yanvar 2013-cü il tarixli iclasında dərin məzmunlu giriş və yekun nitqi söyləyən dövlət başçısı 2012-ci ildə ölkə iqtisadiyyatının uğurla inkişaf edərək 2,2 faiz artıdığını, qeyri-neft sektorunda bu artımın 9,7 faiz təşkil etdiyini, 60 faizi daxili vəsaitlər olmaqla ölkə iqtisadiyyatına 22 milyard dollar investisiyalar qoyulduğunu, kənd təsərrüfatında 6 faiz artım qeydə alındığını, ölkəmizin valyuta ehtiyatlarının 46 milyard manata çatdığını, adambaşına düşən valyuta ehtiyatlarına görə dünyanın ən öncül ölkələrindən biri olduğumuzu diqqətə çatdırmışdır.
Məruzəçi qeyd etmişdir ki, hesabat dövründə öz işini ölkə prezidentinin tələbləri əsasında qurmağa çalışan rayon icra hakimiyyəti əvvəlki illərdə olduğu kimi, respublikamızın müxtəlif bölgələrində məskunlaşmış köçkün əhalinin miqrasiyalarını, gündəlik problem və qayğılarını diqqət mərkəzində saxlamış, onların fərdi təsərrüfatlarının genişləndirilməsini və inkişafını öz gündəlik fəaliyyətinin əsası hesab etmişdir.
Bunun nəticəsində 01 yanvar 2013-cü ilə iri buynuzlu mal-qaranın sayı 916 baş olmuş, qoyun-keçilərin sayı 2,4 faiz, ət istehsalı 2,3 faiz, süd istehsalı 3,5 dəfə, yun istehsalı 30 faiz, taxıl istehsalı 11,8 faiz, yumurta istehsalı isə 9,7 faiz artırılmışdır.
Hesabat ilində sosial müdafiəyə həqiqi ehtiyacı olan ailələrə qayğı və diqqət artırılmış, bütövlükdə 1256 nəfəri özündə birləşdirən 314 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, təqaüd və müavinətlər vaxtlı-vaxtında ödənilmiş, habelə 14 nəfər əlil pulsuz putyovkalarla təmin edilərək müalicə üçün sanatoriyalara göndərilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən yaradılmış Regionların İnkişafı Analitik İnformasiya Sistemi (RİAİS) regionların sosial-iqtisadi inkişafını əks etdirən dolğun forma və məlumatların avtomatlaşdırılmış qaydada yerlərdən toplanıb mərkəzə ötürülməsi işinə diqqəti artırmışdır.
Rayona aid geniş və mütəhərrik informasiya mənbəyi sayılan internet saytının açılmasının vacib olduğunu nəzərə alan rayon icra hakimiyyəti 2012-ci ildə bu məsələnin həllinə nail olmuş, «www.Zengilan.info» saytı fəaliyyətə başlamışdır.
2012-ci ildə rayon icra hakimiyyətinə vətəndaşlardan 1782 müraciət daxil olmuşdur. İl ərzində səyyar görüş-qəbulların keçirilməsinə diqqət artırılmış, müxtəlif kütləvi məskunlaşma yerlərində 43 səyyar qəbul keçirilmiş, bu qəbullarda ümumilikdə 2536 nəfər iştirak etmişdir. Qəbullarda iştirak edən rayon sakinləri tərəfindən 126 müxtəlif məsələ qaldırılmışdır ki, onların da 74-ü müsbət həll olunmuş, 12-si barədə aidiyyəti üzrə məsələ qaldırılaraq nəzarətdə saxlanılmış, 40-ı barəsində isə yerində müvafiq tədbir görülərək izahat verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli Sərəncamlarla həmin Dövlət Proqramına edilmiş Əlavələrdə nəzərdə tutulan məsələlərin icrası ilə bağlı Abşeron rayonu Mehdiabad və Masazır qəsəbələri ərazisində, Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində salınmış çoxmərtəbəli yeni yaşayış massivlərinə ümumilikdə 780-dan cox ailə köçürülmüş, 63 ailənin mənzil şəraiti yaxşılaşdırılmış, təbii qazdan istifadə edə bilməyən 269 ailə payız-qış mövsümündə ağ neft yanacağı ilə təmin olunmuşdur. 84 ailənin mənzili, 47 ailənin məskunlaşdıqları evin dam örtüyü, evi yanan 4 ailənin və mənzilinin zirzəmisində partlayış baş verən 1 ailənin mənzili rayon icra hakimiyyətinin daxili imkanları hesabına təmir edilmiş, onlara zəruri məişət əşyalarının alınıb verilməsinə köməklik göstərilmişdir.
Başçı qeyd etmişdir ki, qazanılmış uğurların, göstəricilərin daha da artırılması, mövcud nöqsanların aradan qaldırılması üçün 2013-cü ildə bizim qarşımızda çox ciddi və məsul vəzifələr durur.
Yekun olaraq cənab R.Həsənov Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevi rayon rəhbərliyi adından əmin etmişdir ki, zəngilanlılar həmişə olduğu kimi, bundan sonra da ölkə başçısının ətrafında sıx birləşəcək, qarşıda duran bütün vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqlar.
Hesabat məruzəsi ətrafında rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov, mədəniyyət və turizm şöbəsinin müdiri Mehman Nəsirov, rayon gənclər və idman idarəsinin rəisi Zaur Nəcəfzadə, başçısının Mincivan qəsəbə inzibati ərazi darəsi üzrə nümayəndə Ramilə Vəliyeva, rayon ictimaiyyətinin nümayəndələri Xuduş İsgəndərov, Cəmil Tağıyev, Tofiq Nəsirov, Nazim Mehdiyev çıxış etmişlər.
Milli Məclisin deputatı İmamverdi İsmayılov və Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev yığıncaqda çıxış edərək başçının hesabat məruzəsinə öz münasibətlərini bildirməklə rayon İcra hakimiyyətinin gələcək fəaliyyəti ilə bağlı bir sıra zəruri tövsiyyə və tapşırıqlar vermişlər.
Hesabat-seçki yığıncağında bir sıra aktual təkliflər də irəli sürülmüşdür. Milli Orduda xidmət edən zəngilanlı gənclərə, eləcə də onların ailələrinə diqqətin artırılması, respublikanın ucqar rayonlarında məskunlaşan məcburi köçkünlərlə internet vasitəsi ilə canlı bağlantı qurmaqla problemlərini müntəzəm öyrənilməsi, rayonun tarix diyarşünaslıq muzeyinin və loqosunu yaradılması barədə təkliflər belələrindədir.
Sonda hesabat yığıncağı iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.