Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon Ağsaqqallar Şurasının Konfransı.

08 fevral 2013 | 16:00

Fevral ayının 7-də Zəngilan Rayon Ağsaqqallar Şurasının Konfransı keçirilmişdir. Rayon icra hakimiyyətinin iclas zalında təşkil olunan konfransda hesabat dövründə görülmüş işlər haqqında Şuranın sədri Xuduş İskəndərov məruzə etmişdir.
Məruzə ətrafında müzakirələrdə rayonun ağsaqqal ziyalılarından Cəmil Tağıyev, Miriş Hüseynov, Şəndə Seyidova, Telman Məmmədov, Hüsü Hüsüyevin çıxışları dinlənilmişdir.
Aydın olmuşdur ki, hazırda rayon Ağsaqqallar Şurası öz tərkibində 2850 nəfəri birləşdirir. Onların 1600 nəfəri qadınlardır. 2009-cu ildə rayonun bütün icra nümayəndələrində, eləcə də təhsil, mədəniyyət, səhiyyə şöbələrində və Neft Akademiyasının Tələbə şəhərciyində şuranın dayaq məntəqələri yaradılmış və lazımi təşkilatçılıq tədbirləri görülmüşdür.
Vurğulanmışdır ki, cənab Ramiz Həsənov Zəngilan Rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Ağsaqqallar Şurasına münasibət əsaslı surətdə yaxşılaşmışdır. 2010 və 2011-ci illərdə şuranın fəaliyyəti rayon icra hakimiyyətində geniş müzakirə olunmuş, problemlər müəyyənləşdirilmiş, onların aradan qaldırılması, vəziyyətin yaxşılaşdırılması üçün əməli işlər görülmüşdür.
Bütün bunların nəticəsi olaraq, əvvəlki dövrlərlə müqayisədə son iki ilə yaxın müddətdə şura öz fəaliyyətini canlandırmış, rayonun ağsaqqal və ağbirçəklərinə qayğı xeyli artmışdır. Göstərilən dövr ərzində bir dəfə “Zümrüd”, iki dəfə “Nərgiz”, iki dəfə “Xan bağı” restoranında ağsaqqal və ağbirçəklərə ziyafət verilməklə, iki dəfə isə rayon icra hakimiyyətində tədbir təşkil olunmuşdur.
Rayon Ağsaqqallar Şurası yaşlı nəsil nümayəndələrinin asudə vaxtlarının səmərəli təşkili, yubileylərinin qeyd edilməsi, onların sanatoriya putyovkaları ilə təmin olunmaları, eləcə də xəstəliklərin müalicəsi üçün rayon icra hakimiyyətinin yaxından köməkliyi ilə mütəmadi olaraq lazımi işlər görmüşdür.
2012-ci ildə yeni mənzillərə köçürülmüş 600 nəfər zəngilanlı əhali arasında xeyli sayda ağsaqqal və ağbirçək sakinlər olmuşdur. 150 nəfər diabetli xəstəyə, 200 nəfərdən çox digər xəstələrə pulsuz dərmanlar verilmiş və tibbi xidmət göstərilmiş, 45 nəfər ahıl sanatoriyaya göndərilmiş, 281 nəfər yaşlı sakinə rayon icra hakimiyyəti tərəfindən maliyyə yardımı edilmiş, dayaq hərəkəti zəif olanlara əlil arabaları alınıb verilmişdir.
760 ailənin məskunlaşdığı Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində ağsaqqallar üçün istirahət guşəsi yaradılmış, oraya lazımi avadanlıqlar və gündəlik istirahət üçün məişət əşyaları alınmışdır. Bu da çoxsaylı ahılların mədəni israhətlərinin təşkilinə əhəmiyyətli töhfə olmuşdur.
Hesabat dövründə rayonun ictimai-siyasi həyatında mühüm xidmətləri olan Telman Məmmədovun, Oktay Ələkbərovun, akademik Bayram Bağırovun 70, Miriş Hüseynovun 80, Məhərrəm Quliyevin və Bəxtiyar Süleymanovun 85 illik yubileyləri təntənəli surətdə qeyd edilmişdir. Bu tədbirlərin təşkilinə rayon icra hakimiyyəti ilə yanaşı, rayon təhsil, mədəniyyət, maliyyə şöbələrinin rəhbərləri və iş adamları Elbrus Niftəliyev, Ərşad Fərəcov, İbrahim Məmmədov və bir çox digərləri də yaxından köməklik göstərmişlər.
Məruzə və çıxışlardan sonra rayon Ağsaqqallar Şurasının yeni tərkibi seçilmişdir. Hesabat dövründəki fəaliyyəti yüksək dəyərləndirilən Xuduş Əmən oğlu İskəndərov yekdilliklə yenidən Ağsaqqallar Şurasının sədri və respublika konfransına nümayəndə seçilmişdir.
Konfransın işinə rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov yekun vurmuş və ağsaqqallardan bir qrupunu-Xuduş İskəndərovu, Asif Bağırovu, Cəmil Tağıyevi, Miriş Hüseynovu və Telman Məmmədovu rayon icra hakimiyyətinin fəxri diplomlarını və maliyyə vəsaiti təqdim etməklə mükafatlandırmışdır.
 

Keçidlər