Faciənin ildönümü qeyd olundu
20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin iclas zalında anım mərasimi keçirilmişdir.
Rayonun idarə-müəssisələrinin, inzibati orqanların, ərazi dairə və ictimai-siyasi təşkilat nümayəndələrinin iştirak etdiyi tədbir faciə qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanmışdır.
Rayon icra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov xalqımızın başına gətirilmiş 20 Yanvar faciəsi, onu doğuran siyasi şərait, səbəblər, əliyalın azadlıq uğrunda mübarizəyə qalxan Azərbaycan oğul və qızlarının yurdsevərliyi, bu hadisənin imperiyaya olan inamın birdəfəlik qırılmasına yol açması, faciənin ilk günlərində və sonradan ona hüququ-siyasi qiymət verməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin göstərdiyi qətiyyət haqqında müfəssəl şərh vermişdir. Qeyd etmişdir ki, şəhidlərimizin qanı yerdə qalmamışdır. Öz dövlət müstəqilliyinə qovuşan Azərbaycan bu gün möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə inkişaf edərək dünya ölkələri arasında öz layiqli yerini tutmuşdur.
Anım mərasimi 20 Yanvar faciəsindən bəhs edən filmin nümayişi ilə başa çatmışdır.
Faciənin ildönümü ilə əlaqədar həmin qanlı hadisələr zamanı zərərçəkmiş əlillər RİH-nin başçısı cənab R.Həsənov tərəfindən qəbul edilmiş, onlara maliyyə yardımı göstərilmişdir.