Rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə növbəti videokonfrans keçirdi
Rayon rəhbəri ilk öncə bildirdi ki,Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüslə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru və digər beynəlxalq təşkilatların nümayəndələri də iştirak etdilər. Prezident İlham Əliyev onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Təklif Nyu-Yorkda 120 üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca Qoşulamama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulamama Hərəkatının ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat vardır.
Videokonfransda Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən də danışdı. Prezidentin tapşırığına əsasən Nazirlar Kabinetinin yaratdığı Operativ Qərargahının son günlər keçirdiyi brifinqlərdə xəstəliyin yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin, karantin rejiminin yenidən sərtləşməsinə baxmayaraq, insanların biganəliyi və laqeyidliyi əhali arasında görünməkdədir. İcra başçısı nümayəndələrə xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, rayon sakinlərinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların daim diqqətdə saxlanılması ilə bağlı ciddi göstərişlər verdi.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Ölkə rəhbəri cənab İlham Əliyev dəfələrlə dövlət qulluqçularına xalqa ləyaqətlə xidmət etmək, sahibkarlara dəstək olmaq, rüşvətxorluq və korrupsiya yolundan çəkinmək kimi ciddi tapşırıqlar vermişdir. Həmçinin, bütün vəzifəli şəxslər üzərlərinə qoyulmuş vəzifələri dərk etməli, öz işlərində qanunu və qanunçuluğu əsas tutmalı, mənfi tendensiyalara imkan verməməli, rüşvət və korrupsiyadan uzaq olmalıdır.