YAP Zəngilan rayon təşkilatında partiyanın yaradılmasının 20 illiyi ilə əlaqədar təntənəli toplantı keçirilib
YAP Zəngilan rayon təşkilatı Zəngilan Rayon İcra Hakimiyyətində noyabr ayının 13-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü ilə əlaqədar toplantı keçirib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş olunub. Dövlət himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Zəngilan rayon təşkilatının idarə heyətinin üzvü, rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov tədbiri açaraq Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində yaradılan, ölkəmizin sağlam qüvvələrini öz sıralarında birləşdirərək cəmiyyətdə aparıcı mövqe tutan, nüfuzlu ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının 20 il ərzində keçdiyi şərəfli mübarizə tarixindən, Azərbaycana böyük uğurlar gətirməsindən, əldə olunan nailiyyətlərdən söhbət açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, ölkəmizin hərtərəfli inkişafı təmin edilib, Azərbaycan dinamik iqtisadi inkişafı ilə dünyanın diqqətindədir.
Bayram tədbirində YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov partiyanın keçdiyi tarixi və şərəfli yoldan danışıb. Ə.Hüseynov YAP-ın keçdiyi keşməkeşli yola nəzər salaraq, bildirib ki, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də siyasi-ictimai mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilatdır.: "Ölkəmizdə xaos hökm sürdüyü bir zamanda - 1991-ci ilin 16 oktyabrında 91 nəfər ziyalılar tərəfindən Ulu Öndər Heydər Əliyevə ünvanlanan müraciət və 24 oktyabrda Ulu Öndərin cavabı "Səs" qəzetində dərc olundu. Uzaqgörən siyasi xadimin geniş miqyaslı siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası əsil ümumxalq partiyasına çevrildi. Bu gün öz sıralarında 600 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Bu gün Ümummilli Liderimizin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dünya miqyasında mütəmadi olaraq tərəqqi edən nüfuzlu dövlət kimi tanınır. Bu siyasətin əsasında insan amili dayanır və Azərbaycan güclü, müasir və nüfuzlu dövlət kimi tanınır".
Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədrinin müavini Həsən Ələkbərov, rayon təşkilatının qadınlar şurasının sədri Almaz Osmanova, rayon təşkilatının gənclər birliyinin sədri Şənlik Əliyev, partiya fəalı Ceyhun Qəniyev və başqaları partiyanın 20 illik fəaliyyət dönəminə nəzər salaraq, öz fikirlərini bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan bir qrup gəncə partiyanın üzvlük vəsiqəsi təqdim olunub.