Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənovun əhali ilə səyyar görüşləri davam edir.
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə rayon İcra hakimiyyətinin növbəti səyyar görüşü Nəsimi rayonu F.Qasımzadə küçəsində yerləşən 3 nömrəli yataqxanada məskunlaşan məcburi köçkünlərlə keçirildi. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağa-Əli Əhmədov, RİH başçısı Ramiz Həsənov, aparatının məsul işçiləri, rayon idarə və müəssisə rəhbərləri iştirak etdilər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Ağa-Əli Əhmədov və rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək, Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində iqtisadiyyatımızın günü-gündən inkişaf etdiyini, xarici siyasətdə böyük nailiyyətlər əldə edildiyini vurğuladı. Daha sonra sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətlər dinlənildi.Ölkəmizdə olan sabitliyə, inkişafa və məcburi köçkünlərə göstərilən diqqətə görə sakinlər ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Bir çox məsələlər yerində həll edildi və bəzi məsələlər barədə ətraflı izahat verildi.