Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanın ailəsi ilə görüş

02 noyabr 2012 | 16:00

“Xalq şairi O.Sarıvəllinin bir şeirində deyilir ki, hər kəs 100 il yaşamasa, günah onun özündədir. Yəqin ki, bu ifadənin şəhidlərə aidiyyatı yoxdur. Çünki Əsəd cəmi bir qərinə-33 il yaşadı. Özü də günahsız-filansız, qeyrətli oğul ömrü, kişi ömrü, yenilməzlik, ucalıq rəmzi olan şahin ömrü yaşadı !”
Bu sözləri təxminən iki il əvvəl yazmışdım. Düşündüm ki, həmyerlimiz, Azərbaycanın Milli Qəhrəmanı Əsəd Soltan oğlu Əsədov haqqında söylənən bu ifadələri təzələməyə ehtiyac yoxdur. Çünki onun qısa həyatının yüksək dəyəri burada bir neçə cümlə ilə tam açıqlanır.
Əsəd Əsədov 1958-ci ildə rayonumuzun Cahangirbəyli kəndində doğulmuşdu. Mincivan qəsəbə 36 nömrəli orta məktəbini, sonra isə Rusiya Federasiyasının Saratov Şəhərində təyyarəçilik məktəbini bitirmişdi.
Vətənə geri dönərək bir müddət təyyarəsi ilə dinc məqsədlər, xüsusilə ölkədə məhsul bolluğu üçün çalışmışdır. Erməni quldur dəstələri torpaqlarımıza soxularkən o da fəaliyyətinin təmayülünü dəyişməli olmuş, əsgərlərimizin silah-sürsat təchizatı, əhalinin xilası üzrə tapşırıqları yerinə yetirmişdir.
Son dərəcə təhlükəli uçuş zonası olan Xocalıya çoxsaylı mühüm əhəmiyyətli səfərlər etsə də, hər dəfə sağ-salamat geri dönmüşdür.
Təyyarəsi ilə üç ildən artıq xilaskarlıq uçuşları edən, komandanlğın və əhalinin etimadını qazanan Əsədə və 4 heyyət üzvünə düşmən mərmisi növbəti tapşırığı yerinə yetirdiyi 1991-ci ilin payızında Əskəran səmasında tuş gəlmişdir.
Xidmətləri yüksək qiymətləndirilən Əsəd Soltan oğlu Əsədov ölkə başçısının 25 oyabr 1992-ci il tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Elimizin qeyrətli oğlunun tərcümeyi-halında Zəngilanın işğal tarixi ilə bağlı ağrılı bir oxşarlıq da var. Həm doğulduğu torpağın, həm də Əsəd Əsədovun faciəsi eyni anda, eyni gündə baş verib-oktyabrın 29-da ! Düşmən mərmisinə tuş gələn Əsədin müqədddəs ruhu həmin gün canından ayrılıb. Zəngilan da yağı caynağına məhz həmin gün keçib, ellərimiz doğma yurd yerlərini tərk ediblər. Elə bu məqam da ruhun candan ayrılmasıdır.
Şəhid ailələrinə diqqət və qayğıya xüsusi həssaslıqla yanaşan rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov rayonumuzun işğalının 19-cu ildönümü qeyd edildikdən dərhal sonra Azərbaycanın Milli Qəhrəmanı Ə.Əsədovun ailəsinin məskunlaşdığı Maştağa qəsəbəsinə getmiş, onun ailə üzvləri ilə görüşmüş, vəziyyətləri, qayğıları ilə maraqlanmışdır.
RİH-nin başçısının müavini Nizami Mönsümovun, rayon polis idarəsinin rəisi Səyəddin Səfərovun və rayonun digər rəsmi nümayəndələrinin iştirak etdiyi bu görüş-ziyarətdə Milli Qəhrəmanın həyat yoldaşı Sevil xanım Ə.Əsədovla bağlı xatirələrini danışmışdır. İgid təyyarəçinin başçılıq etdiyi heyyətin bort-mühəndisi Şahsuvar Xəlilov komandirinin xarakterindəki qorxmazlığa, insanpərvərliyə, Vətən, ailə, sevgisinə aid müsbət keyfiyyətləri diqqətə çatdırmış, balaca Əsəd babasına həsr olunmuş şeiri əzbər söyləmişdir.
Görüşün sonunda ailənin ehtiyacları ilə bağlı başçının sorğusuna cavab olaraq Sevil xanım bildirmişdir ki, köçkünlüyün ilk illərində ev, dolanışıq sarıdan müəyyən çətinliklərlə üzləşsələr də, onun Umummilli lider Heydər Əliyevə müraciətindən sonra hər şey sürətlə yaxşılığa doğru dəyişmişdir. Onlara torpaq sahəsi ayrılmış, ev tikintisinə, dolanışıqlarına lazımı köməklik göstərilmişdir. Bütün bunlara görə o, Ulu öndərə rəhmət diləmiş, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə sonsuz minnətdar olduğunu bildirmişdir.
Şəhis ailəsinə maddi yardım göstərən rayon icra hakimiyyətinin başçısı onları həmişə qəbul etməyə, müraciətlərini dinləməyə, problemlərinin həlli üçün əməli köməklik göstərməyə hazır olduğunu söyləmişdir.
 

Keçidlər