ZƏNGİLANIN İŞĞALININ İLDÖNÜMÜNDƏ
Zəngilanın işğalının 19-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
27 oktyabr 2012-ci il tarixdə rayon ictimaiyyətinin nümayəndələri və anım tədbirinə dəvət olunmuş qonaqlar Şəhidlər Xiyabanını, orada uyuyan Zəngilan şəhidlərini ziyarət etmiş, məzarlar üzərinə tər gül dəstələri qoymuşlar.
Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova anım mərasimində iştirak etmişlər.
***
Qaniçən erməni silahlı birləşmələri tərəfindən rayonumuzun işğalının ildönümü günü olan oktyabr ayının 29-da anım mərasimi davam etdirilmişdir.
Gənc Tamaşaçılar Teatrında rayonun idarə-müəssisə və təşkilatlarının, inzibati orqanların rəhbərlərinin, geniş ictimaiyyət və mətbuat nümayəndələrinin, dəvət olunmuş qonaqların, Milli Məclisin deputatı İmamverdi İsmayılovun, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovun, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovun iştirakı ilə keçirilən anım mərasimi teatrın geniş foyesində rayonun ümümtəhsil məktəblərinin əl işlərindən ibarət “Biz bu vəhşilikləri bağışlaya bilmərik !” devizi altında təşkil olunmuş rəsm sərgisi ilə tanışlıqdan başlanmışdır.
Sumqayıt Dövlət Musiqili Dram Teatrı tərəfindən hazırlanan Zəngilanın işğalının 19-cu ildönümünə həsr olunmuş hüzünlü kompozisiyanın əvvəlində rayon uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi yad olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov hüzünlü ildönümü ilə əlaqədar nitq söyləyərək mənfur qonşularımızın əsassız torpaq iddiaları, Azərbaycan ərazilərinin işğalına şərait yaradan hadisələr və amillər haqqında danışmış, Araz çayının suyunun azaldılmasına, mühasirədə olan əhalinin İran İslam Respublikasına keçməsinə nail olmaqla Zəngilanda Xocalı faciəsinin təkrarlanmasına yol verməyən ulu öndər Heydər Əliyevin xidmətlərini ehtiramla yada salmış, rayonu qoruyan silahlı qüvvələrin əhalinin vəhşi düşmən caynağından xilası üçün borcunu sonadək yerinə yetirdiyini qeyd etmişdir.
Bununla yanaşı, başçı vurğulamışdır ki, bu gün dünya birliyi ölkələri arasında böyük nüfuz qazanan Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı, müdrik prezidentimiz İlham Əliyevin rəhbərliyi altında vüsətli inkişaf yolundadır.
Gündən-günə möhkəmlənən dövlətimizin və ordumuzun gücü ilə torpaqlarımızın işğaldan azad olunması üçün bütün əməli işlər və tədbirlər görülür. Böyük qayıdışın başlanacağı gün uzaqda deyildir.
Tədbir üçün hazırlanmış kompozisiya tarixi həqiqətləri özündə əks etdirməklə iştirakçılarda çox dərin təəssürat yaratmışdır. Hələ I Pyotrun dövründən torpaqlarımızın istilası məqsədilə qurulan planlar, bolşevik Rusiyasının və ən nəhayət Sovetlər Birliyinin şamuyanların, mikoyanların riyakar fitvalarına əsaslanaraq Azərbaycana qarşı həyata keçirdiyi məkrli siyasət tam mahiyyəti ilə açıqlanmışdır. Eləcə də hər tərəfdən mühasirə şəraitində qalmalarına baxmayaraq, zəngilanlıların öz torpaqların tərk etmək istəmədikləri, rayonu qoruyan hərbi hissələrin, polislərin, könüllülərin qüvvələr tam tükənənədək düşmənə müqavimət göstərdikləri, əhalini taleyin ümidinə buraxmayaraq öz borclarını sonadək mərdliklə yerinə yetirdikləri qeyd olunmuşdur.
Zəngilanlılarda doğma yurd yerlərinə qayıdışa dərin inam yaradan tədbirdə vətənpərvərlik ruhlu şeirlər, mahnılar səslənmiş, həmişə olduğu kimi rayon əhalisinin bundan sonra da ölkə başçısına, dövlətə, dövlətçiliyə sədaqətli olacaqları barədə qətiyyətli fikirlər ifadə olunmuşdur.