9 ayın yekunları müzakirə olunmuşdur
Oktyabr ayının 16-da Zəngilan Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında ölkə başçısının nitqindən irəli gələn vəzifələri müzakirə etmişdir.
Bununla əlaqədar RİH-nin başçısı Ramiz Həsənovun məruzəsi dinlənilmişdir.
Məruzəçi qeyd etmişdir ki, Nazirlər Kabinetinin iclasında dərin məzmunlu giriş və yekun nitqi söyləyən dövlət başçısı ilin ötən 9 ayında ölkə iqtisadiyyatının uğurla inkişaf edərək 1,1 faiz artdığını, qeyri-neft sektorunda bu artımın 10,3 faiz təşkil etdiyini, 70 faizi daxildən olmaqla ölkə iqtisadiyyatına 16 milyard dollar investisiyalar qoyuldugunu, kənd təsərrüfatında 6,3 faiz artım qeydə alındığını, ölkəmizin valyuta ehtiyatlarının 5 milyard manat artaraq 45 milyarda çatdığını, adambaşına düşən valyuta ehtiyatlarına görə dünyanın ən öncül ölkələrindən biri olduğumuzu diqqətə çatdırmışdır.
Dövlət rəhbəri bildirmişdir ki, göstərilən dövr ərzində əhalinin pul gəlirləri 12 faiz artmış, cəmi 1,5 faiz inflyasiya qeydə alınmışdır. Bu iqtisadi inkişafın nəticəsi olaraq Azərbaycan ölkələrin rəqabət qabiliyyətliliyi cədvəlində 9 pillə irəliləyərək 46-cı yerə, MDB məkanında isə birinci yerə yüksəlmişdir. Makroiqtisadi sabitliyə görə ölkəmiz dünyanın 200-dən cox ölkəsi sırasında ilk 20-likdə yer tutmuşdur.
Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş geniş yığıncağında cənab İlham Əliyevin giriş və yekun nitqində qarşıya qoyulmuş vəzifələr baxımından Zəngilan Rayon İcra Hakimiyyəti göstərilən dövr ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra məqsədyönlü işlər görmüş və tədbirlər həyata keçirmişdir.
Belə ki, cari ilin 9 ayında həyata keçirilmiş tədbirlər sayəsində əhalinin pul gəlirləri keçən ilin eyni dövrünə nisbətən 8,2 faiz artaraq 25,7 milyon manata, orta nominal əmək haqqı isə 6,1 faiz artaraq 218,6 manata yüksəlmişdir.
Göstərilən dövr ərzində Ümumi Məhsul Buraxılışının həcmi 429 min manata bərabər olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 min manat coxdur. Artımın əsasını kənd təsərrüfatı sahəsində əldə olunmuş göstəricilər təşkil edir.
Bütövlükdə qeyd etmək lazımdır ki, bu il kənd təsərrüfatı sahəsində işlər mütəşəkkil qaydada aparılmışdır. Nəticədə ilin doqquz ayında rayon üzrə əvvəlki ilin eyni dövrünə nisbətən xeyli yüksək göstəricilər əldə olunmuşdur. Belə ki, doqquz ay ərzində iribuynuzli mal-qaranın sayı 92 faiz artaraq 976 başa, qoyun-keçilərin sayı isə 19,2 faiz artaraq 5581 başa çatdırılmışdır. Keçən ildəkindən 14,9 faiz çox ət, 2 dəfə çox süd, 11,8 faiz çox yumurta,30 faiz yun istehsal edilmişdir
Dotasiya hesabına formalaşan rayon büdcəsinin 9 aylıq proqnozu 88,59%, yerli gəlirlərlə birlikdə 106% icra edilmiş, təhsil xərclərinin icrası 90,4%, səhiyyə xərclərinin icrası 79,6%, sosial təminat xərclərinin icrası 87%, mədəniyyət xərclərinin icrası 87,5%, kommunal təsərrüfat xərclərinin icrası 95.3% təşkil etmişdir.
Rayon vergilər şöbəsi tərəfindən görülmüş tədbirlər nəticəsində yerli daxilolmalarla bağlı 11 vergi növü üzrə 9 aylıq proqnoza 184,5% əməl edilmişdir.
Əhalinin məşğullugunun artırılması məqsədilə həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq cari ilin 9 ayında 223 yeni iş yeri açılmışdır ki, bu da məcburi köçkün ailələrin təminatını bir az da yaxşılaşdırmışdır.
Başçı ötən 9 ayda rayonun iqtisadi, ictimai-siyasi və mədəni həyatında baş vermiş digər yeniliklər, inkişaf və s. məsələlər haqqında ətraflı məlumatlar vermişdir.
Məruzə ətrafında müzakirələrdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Mehman Nəsirov, əhalinin sosial müdafiə mərkəzinin direktoru Həsən Ələkbərov, rayon məşğulluq mərkəzinin direktoru Akif İbrahimov, rayon gənclər və idman idarəsinin rəisi Zaur Nəcəfzadə iştirak etmişlər.
Sonda rayon rəhbəri əmin olduğunu bildirmişdir ki, zəngilanlılar bundan sonra da ölkə başçısı ətrafında sıx birləşəcək, qarşıya qoyulmuş bütün vəzifələri dürüst və ləyaqətlə yerinə yetirməyə çalışacaqlar.