Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan zəngilanlı məcburi köçkünlər ilə səyyar görüş keçirildi
Zəngilanlı məcburi köçkünlərlə mütəmadi olaraq keçirilən səyyar qəbullar davam edir. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu aprel ayının 23-də Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan zəngilanlı məcburi köçkünlərlə keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, aparatın məsul işçiləri, rayon idarə və müəssisə rəhbərləri iştirak etdi.
İlk öncə Zəngilan RİH-nin başçısı Ölkə Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısından söz açdı. Ölkə başçısının müvafiq tövsiyə və tapşırıqlarını rəhbər tutan Zəngilan Rayon İcra Hakimiyyətinin də sakinləri qayğılandıran bütün məsələləri xüsusi diqqət mərkəzində saxladığını, onların operativ həllinə çalışdığını bildirdi. Daha sonra sakinlərin müraciətləri dinlənildi.
Görüşdə sakinlər onları narahat edən bəzi çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapdı və digər məsələlərlə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verildi.