Şanlı yubiley qeyd olundu
Oktyabr ayının 17-də Zəngilan Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycanın Dövlət Müstəqilliyinin 21-ci ildönümünə həsr edilmiş geniş tədbir keçirilmişdir.
Rayonun idarə-müəssisə, təşkilatlarının və inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə təşkil olunan yığıncağı ön sözlə açan rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov müstəqilliyə gedən yolda xalqımızın rastlaşdığı çətinlikləri, onları doğuran səbəbləri, həmin çətinliklərin aradan qaldırılmasında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin və möhtərəm prezidentimiz cənab İlham Əliyevin misilsiz xidmətlərini tarixi faktlar əsasında tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Yığıncaqda 28 nömrəli tam orta məktəbin tarix müəllimi Cəmilə Məmmədova Dövlət Müstəqilliyimizin 21-ci ildönümü ilə əlaqədar məruzə etmişdir. 1918-ci il may ayının 28-də Şərqdə ilk müstəqilliyini elan edən və cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikasının tarixinə ekskursiya edən məruzəçi, sonrakı tarixi dövrlərin də geniş şərhini vermiş, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən ugurla inkişaf etdirilən Azərbaycanın ikinci dövlət müstəqilliyinin çətin sınaqlardan şərəflə çıxdığını, onun dönməzliyinə və əbədiliyinə heç bir şübhə yeri olmadığını inandırıcı faktlarla əsaslandırmışdır.
Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov, RİHB-si aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Maya Bağırova, rayon gənclər və idman idarəsinin rəisi Zaur Nəcəfzadə çıxış etmişlər.
Sonra dövlətə sədaqətləri, ictimai fəallıqları ilə seçilən bir qrup gəncə Yeni Azərbaycan Partiyasına qəbul olmaları ilə əlaqədar partiya biletləri təqdim edilmişdir.
Tədbirə rayon icra hakimiyyətinin başçısı cənab R.Həsənov yekun vurmuşdur.