Zəngilanlı məcburi köçkünlər üçün salınmış yaşayış massivində Novruz şənliyi keçirildi
Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı böyük təntənə ilə qeyd edildi.
Bayram şənliyində Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, icra nümayəndəliklərinin əməkdaşları, rayon üzrə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak etdi.
Bayram tədbirində rayonun idmançıları müxtəlif idman nümunələri ilə öz məharətlərini sərgilədi. Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları tamaşaçılarda xoş ovqat yaratdı.
Bayram şənliyi incəsənət ustalarının təqdim etdikləri bayram konserti ilə davam etdi. Sonda ənənəvi bayram tonqalı yandırıldı.