Şriftin ölçüsü :

Saytın rəngi :

Yarım qalmış ömür

27 dekabr 2018 | 16:00

Həyatının ən gözəl arzularının çiçəkləndiyi bir vaxtda həyata keçirmək istədiyi planlarını cızıb, amma nail olmayan bir şəhidin - İsmayılov Əli Vasil oğlunun qısa həyat və mübarizə yolundan söz açmaq istəyirəm.
İsmayilov Əli Vasil oğlu 16 sentyabr 1969-cu ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində dünyaya göz açmışdır. Böyüyüb boya-başa çatdığı ziyalı ailəsi ona  körpə yaşlarından vətəni sevməyi, ona layiqli övlad olmağı, keşiyində durmağı  öyrətmişdir.  Elə bu sevgi 1986-cı ildə N.Nərimanov adına orta məktəbi bitirdikdən sonra  onu Daşkənd Ali Hərbi Komandirlər məktəbinə aparıb.  Əlinin arzularından biri də Tank qoşunlarında xidmətini davam etdirmək  olub.
1988-ci illərdə bədnam qonşuların xalqımıza qarşı törətdikləri çirkin əməllər onu təhsilini yarımçıq qoyub, vətənə dönüb düşmənlərlə mübarizə aparmağa və ana yurdumuzu qorumağa  istiqamətləndirib.
Yaşadıqları torpaqlardan azərbaycanlıların qovulduğu, ermənilərin yurdumuza göz dikdiyi, əsrin ən böyük faciəsi, insanlığa yaraşmayan, ermənilər tərəfindən törədilən Xocalı soyqırımı, eyni zamanda Zəngilan rayonunun ermənilərin hücumuna məruz qaldığı  bir dövrdə  Əli anasının razılığını alaraq cəbhəyə yollanır. Zəngilan rayonunun müdafiəsində yaxından iştirak edir.
Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə  erməni  işğalçıları tərəfindən işğal olunduqdan sonra  döyüş yolunu Ağdam rayonu ərazisində davam etdirmişdir. Döyüşlərdə göstərdiyi cəsarətə, bacarığa, intizama, mərdliyi və qorxmazlığına görə xidmət etdiyi hissədə hörmət qazanıb, komandiri tərəfindən mükafatlandırılmışdır. 1993-cü ilin əvvələrində İstehkam mühəndisi tağımına baş istehkamçı vəzifəsinə  təyin olunmuşdur. Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam uğrunda gedən döyışlərdə iştirak etmişdır.
  “ N “ saylı hərbi hissənin mühəndis xidməti rəisi Tahir Kərimovun dediklərindən :
- Əli həm cəsur idi,həm də yeniliklər etməyi sevirdi.  İstehkam işinə dərindən yiyənlənmişdi. O, bəzən standarta uyğun olmayan “sürprizlərin” quruiması üsullarını təklif edir və bunu əməli ilə təsdiq edirdi. 1993-cü ilin avqust ayında Qubadlı rayonunun  Çəyəli kəndində yolu bağlamalı idik. Ermənilər çox yaxın idi. Əlinin təklifi ilə mina sahəsi əvəzinə, mina şlaqbaumu qurub, saman ilə izini itirdik. Əli saman küplərini ətrafa səpələdi. Motosikleti qəza etmiş kimi yolun ortasına qoydu. Ermənilər bir neçə dəqiqədən sonra həmin yerə yaxınlaşdılar, yolu təmizləyib keçmək istəyərkən güclü partlayış oldu, nəticədə  4 erməni məhv oldu, birini isə əsir götürdük.  Əlinin rəhbərlik etdiyi manqa və istehkamçı mühəndis tağımı tərəfindən yüksək professionallıq göstərilərək 800-dən çox tank əleyhinə, 3800-dən artıq piyada əleyhinə mina qurulmuş, minlərlə minanı çox çətin vəziyyətdə, düşmən atəşi altında zərərsizləşdirilmiş, yollar minalardan və digər partlayıcı vəsaitlərdən təmizlənmişdir.
Əli bacarıqlı döyüşçü olmaqla yanaşı, həm də səmimi yoldaş idi.  O, silahlı qüvvələrimizin hər bir nəailiyyətinə sevinirdi, inanırdı ki, o gün gələcək, elindən, obasından didərgin düşən, baba-nənələrinin  yaşadığı əzəli Azərbaycan torpaqları olan Qərbi Azərbacan da işğaldan azad olacaq.
1994-cü ilin dekabr ayının 30-da Əli Ağdam istiqamətində növbəti tapşırığını yerinə yetirərkən düşmənin basdırdığı minaya düşərək şəhid olub. Bakı şəhərində II Şəhidlər Xiyabanında dəfn olunub.

 Zəngilan RİHB-nın Mincivan qəsəbə İƏD-si üzrə nümayəndəsi : Ramilə Vəliyeva

Keçidlər