Ulu Öndərin əziz xatirəsi anıldı
Ulu Öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin iclas zalında anım mərasimi keçirildi. İlk öncə xalqımızın böyük oğlunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra rayon rəhbəri Ramiz Həsənov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, əbədi yaşar şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli həyat, mübarizə yolu,həm sovet, həm də sonrakı tarixi dönəmlərdə doğma Vətəni, xalqı üçün gördüyü məqsədyönlü işlər, göstərdiyi fədakarlıqlar haqqında geniş nitq söylədi, vurğuladı ki, Azərbaycan dövləti var olduqca Heydər Əliyevin adı və əziz xatirəsi xalqımızın qəlbində yaşayacaq, onun ideyaları daha gözəl gələcəyə aparan yollarımızı daim işıqlandıracaqdır.
Rayon İcra Hakimiyyətinin başçısı R.Həsənov Ümummilli Liderin başladığı möhtəşəm quruculuq işlərinin möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini və bu müvəffəqiyyətli tərəqqi sayəsində dövlətimizi və xalqımızı qarşıda daha böyük uğurlar gözlədiyini bildirdi.
Tədbirdə İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev, Azərbaycan Dövlətçiliyinə Milli dəstək mərkəzinin Ağsaqqallar Şurasının sədri Oktay Ələkbərov və Zəngilan rayon Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyinin sədri Ənvər Məmmədov çıxış etdilər.