Azərbaycan Respublikasının Prokurorluğunun 100 illik şərəf yolu
Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Məhkəmə orqanlarından fərqli olaraq, bir çox dövlətlərdə prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranmışdır. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada kral IV Filip tərəfindən qoyulmuşdur.
Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302) təsbit edilmişdi. Həm Qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunmuşdur.
Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə (1918-1920) təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsi və onun tabeçiliyində prokurorluğun fəaliyyəti bərpa edilmiş, başqa cür desək, demokratik respublikanın prokurorluq orqanları yaradılmışdır. Bundan sonra, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 14 noyabr 1918-ci il tarixli qərarı ilə “Azərbaycan Məhkəmə Palatası” haqqında əsasnamə təsdiq olunmaqla qəbul edilmiş, əsasnamənin 5-ci bəndinə müvafiq olaraq isə Azərbaycan Məhkəmə Palatası yanında prokuror və onun müəyyən sayda müavinləri təsis olunmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyəti Prokurorluğunun fəaliyyəti əsasən məhkəmədə dövlət ittihamını müdafiə etməkdən və qanunların düzgün tətbiqinə nəzarət funksiyalarını həyata keçirməkdən ibarət idi. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Demokratik Respublikasında prokuror nəzarətinə, eyni zamanda Ədliyyə naziri kimi Ali Məhkəmə idarəçiliyi orqanlarının rəhbəri hesab edilən, Baş prokuror rəhbərlik edirdi. Başqa cür desək, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, Ədliyyə naziri eyni zamanda Baş prokuror vəzifəsini yerinə yetirirdi. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə nazirləri olmuş F.Xoyski, X.Xasməmmədov, A.Safikürdiski və T.Makinski eyni zamanda, Demokratik Respublikanın Baş prokurorları olmuşlar.
Göründüyü kimi Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, Respublikanın ədliyyə, məhkəmə və prokurorluq orqanlarının yaradılmasına xüsusi diqqət yetirilmişdir.
Böyük fəxarət hissi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamına əsasən, hər il 1 oktyabrın Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinin kökü də Azərbaycan Xalq Cümhuriyyətinə bağlıdır. Heç kəsə sirr deyil ki, Ulu Öndərin sözügedən sərəncamında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlaması rəhbər tutulmuşdur.
Azərbaycan xalqının təkidli xahişi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil dövlətçiliyimizi və suverenliyimizi məhv olmaq təhlükəsindən xilas etdi. Məhz Ulu Öndərin böyük qayıdışından sonra zamanın tələblərinə uyğun genişmiqyaslı hüquqi islahatlar aparıldı və beynəlxalq təcrübəyə əsaslanan qanunvericilik sistemi formalaşdırıldı. Bu tədbirlər içərisində Ümummilli Liderin birbaşa rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyamız xüsusi qeyd olunmalıdır. Konstitusiya Komissiyasının sədri olan Heydər Əliyev layihəni hazırlayarkən birinci növbədə dövlət və hakimiyyətlə xalq arasında olan münasibətlərin əks etdirilməsinə xüsusi yer verilməsini irəli sürürdü: "Hakimiyyət bölgüsü ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, hər birinin seçkilər yolu ilə təşkili təmin olunmalıdır". Heydər Əliyev göstərirdi ki, biz demokratik, hüquqi, dünyəvi dövlət qurmaq üçün inkişaf etmiş qərb ölkələrinin dövlət quruculuğu, demokratik prinsiplərin bərqərar olması sahəsində əldə etdiyi nailiyyətlərdən istifadə edirik və edəcəyik. Ona görə də Azərbaycan Konstitusiyasında bu müddəaların, prinsiplərin əks olunmasının əhəmiyyəti xüsusi qeyd edilirdi.
Ulu öndərin müəllifi olduğu Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Əsas Qanunumuzda irqindən, cinsindən, milliyyətindən, dinindən, dilindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin hüquq vəazadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında əsas vəzifə kimi qoyulmuşdur.
Bu tarixi sənəddə insan və vətəndaş hüquq və azadlıqları, onların, müdafiəsi,təmin edilməsi qanunvericiliyimizin ümdə, təyinedici meyarı olaraq təsbit edilmişdir. Konstitusiyada təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə ciddi təminat yaratmış, bu prinsipə əsas diqqət yetirilməklə sonrakı mərhələdə keyfiyyətcə yeni dövrün tələblərinə cavab verən bir sıra qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir. Müstəqillik dövrünün ilk Konstitusiyasında ölkənin dövlət quruluşu sistemində prokurorluğun məhkəmə hakimiyyəti sistemində yeri müəyyənləşdirilməklə 133-cü maddədə onun statusunun təşkili və fəaliyyəti ilə bağlı əsas məqamlar öz əksini tapmışdır. Prokurorluğun cəmiyyətdə rolunu müəyyənləşdirən bu fundamental bünövrə 2002-ci və 2009-cu illərdə keçirilmiş ümumxalq səsverməsi-referendumlarla Konstitusiyaya edilmiş dəyişikliklər və əlavələr nəticəsində daha da möhkəmlənmişdir. Belə ki, dövlət səviyyəsində prokurorluğun rolunun artırılması istiqamətində müvafiq tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən prokurorluğa əvvəllər malik olmadığı qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, bu da prokurorluğun hüquq sistemində rolunu daha da gücləndirmişdir.
Bundan başqa Azərbaycan Respublikası Prokurorluğu Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev tərəfindən də həmişə diqqət mərkəzində saxlanılmışdır. Bunun ən bariz nümunəsi kimi isəAzərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ciillərüçün Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını göstərmək olar. Belə ki bu sərəncam Prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsində, kadr potensialının gücləndirilməsində, yeni nəsil prokurorlarının formalaşdırılması və peşəkarlığının artırılmasında, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsində və işçilərinin sosial müdafiəsinin yüksəldilməsində mühüm rol oynamışdır.
Bütün bunlar, millətimizin və dövlətimizin öz şərəfli keçmişinə verdiyi yüksək dəyərin əyani təzahürüdür. Ümummilli Lider siyasətinin son 15 ildə Möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın ən yüksək zirvələri fəth etməsini şərtləndirir.
"Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır".
Heydər ƏLİYEV.
Zəngilan rayon prokurorunun köməkçisi
Şahmurad Sadıqzadə