31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirildi.
31 mart 2026-cı il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə idarənin inzibati binasının iclas zalında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri iştirak etdi.
Tədbir Ulu Öndər Heydər Əliyevin, soyqırım qurbanlarının və Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov çıxış edərək qeyd etdi ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.
Sonra isə İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Şənlik Əliyev soyqırımla bağlı geniş məruzə etdi.
Sonda 31 mart soyqırımına dair “Tarixin izi ilə” filmi nümayiş etdirildi.







