Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri məcburi köçkünlərlə görüşdülər
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri - Avropa Parlamentinin Finlandiyadan olan deputatı, Yaşıllar qrupunun təmsilçisi Heydi Hautala, Avropa üçün Liberal və Demokratların Alyansının üzvü Anneli Yaateenmaki, komitənin katibi Florian Karmona, Avropa üçün Liberal və Demokratların Alyansının müşaviri Egle Kropaite və Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun müşaviri Elise Kulegem Abşeron rayonunun Masazır qəsəbəsində zəngilanlı məcburi köçkünlərlə görüşdülər.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir ki, məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımız üçün Azərbaycan dövləti tərəfindən yaradılan hərtərəfli şəraitlə yerində tanış olmaq məqsədilə görüşə gəldiklərinə görə təşəkkür etdilər. Bildirdilər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Nəticədə ərazimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub. Bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Sonra qonaqlar Zəngilan rayon 33 saylı tam orta məktəbin müəllim kollektivi ilə söhbət etdilər. Məktəbin müəllim kollektivi söhbət əsnasında qonaqlara məcburi köçkünlər üçün Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını, lakin bununla belə, onların öz doğma torpaqlarına qayıtmaq istədiklərini bildirdilər.