Azərbaycan Respublikasının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirildi
10 may 2018-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və idarələrinin rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ümummili Liderin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edildi.
Daha sonra Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tədbiri açıq elan edərək ulu öndərin xalqımıza göstərdiyi misilsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, ulu öndər Heydər Əliyev Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkətin işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır. Rayon rəhbəri bildirdi ki, xalqı üçün yaşayan, usanmadan çalışan bir insana öz layiqli adını, qiymətini elə onun xalqı verə bilər. Bu gün hər birimiz dahi rəhbərin qurub yaratdığı, dünyaya tanıtdığı müasir, müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik.
Ümummili lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tədbir ulu öndərin siyasi fəaliyyətindən bəhs edən filmin nümayişi və musiqili bədii hissə ilə davam etdirildi.