Şriftin ölçüsü :

Saytın rəngi :

Koreya Respublikasının Azərbaycandakı səfirliyinin kollektivi zəngilanlı məcburi köçkünlərlə görüşdü

24 oktyabr 2017 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 24-də Abşeron rayonunun Masazır qəsəbəsində zəngilanlılar üçün salınmış yaşayış massivində yerləşən klubda tədbir keçirildi.
Tədbirdən əvvəl qəsəbədəki tibb məntəqəsində sakinlərin müxtəlif xəstəliklər üzrə müayinəsi təşkil edildi.
Daha sonra qonaqlar şəhərcikdə yerləşən 260 yerlik “Şəfəq” uşaq bağçasında yaradılan şəraitlə tanış oldular. Həmçinin bağçanın yenidən qurulan oyun meydançasının açılışı oldu. Uşaqlar qonaqları müxtəlif dillərdə sülh şeirləri ilə salamladılar, Azərbaycan və Koreyanın milli rəqslərini nümayiş etdirdilər. Bağça uşaqlarına məktəb ləvazimatları hədiyyə edildi.
Tədbirin rəsmi hissəsi Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun Koreya Respublikası səfirliyinin və ölkəmizdə fəaliyyət göstərən Koreya şirkətlərinin nümayəndələrinə bu gözəl təşəbbüsə, azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərdiyi dəstəyə görə minnətdarlığı ilə başlanıldı. Rayon rəhbəri diqqətə çatdırdı ki, Koreyadan gələn həkimlər bu gün qəsəbə sakinlərinə tibbi yardım göstərib və müxtəlif xəstəliklər üzrə onları müayinə etdilər. Bir ay əvvəl səfirliyin təşəbbüsü ilə 33 nömrəli məktəbdə “Koreya Respublikası - məktəblilərin gözü ilə” adlı inşa müsabiqəsi keçirilib.
Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu qəsəbədə olmaqdan məmnunluğunu ifadə etdi. Torpaqlarını itirmiş insanların ağrı-acısını, qaçqın və məcburi köçkünlərin yaşadığı hissləri çox yaxşı anladığını, bu yardımla zəngilanlı ailələrə mənəvi dəstək göstərməyə çalışdıqlarını qeyd etdi. Koreya Respublikasının hər zaman Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edən səfir qaçqın və məcburi köçkünlərin yaxın zamanda öz doğma torpaqlarına geri qayıdacaqlarına əminliyini bildirdi.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirdi ki,  Koreya və Azərbaycan arasında müxtəlif sahələrdə - səhiyyə, təhsil, kommunikasiya, rabitə, nəqliyyat və digər sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur.  Bizim üçün ən böyük əhəmiyyət kəsb edən məqam Azərbaycanın üzləşdiyi bir nömrəli problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi probleminə Koreya dövlətinin bu qədər həssaslıqla, diqqətlə yanaşmasıdır.
Sonra Koreya Respublikası səfirliyinin təşəbbüsü ilə Zəngilan rayonu 33 nömrəli məktəbin 5-11-ci sinif şagirdləri arasında “Koreya Respublikası - məktəblilərin gözü ilə” inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı. Şagirdlərə diplomlar və hədiyyələr təqdim olundu.
Tədbir konsert proqramı və maraqlı rəqs nümunələrinin nümayişi ilə davam etdirildi.

Keçidlər