Yeni tədris ili başlandı
Müstəqil Azərbaycanımızın bütün təhsil ocaqları kimi Zəngilan rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri də aylardan bəri hazırlıq gördükləri 15 sentyabr-“Bilik Günü”nü bayram əhval-ruhiyyəsi ilə qeyd etdilər.
Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan rayon 33 nömrəli tam orta məktəbdə pedaqoji kollektivi, şagirdləri təbrik etmək üçün keçirilən bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov iştirak etdi.
Zövqlə bəzədilmiş məktəb həyətində təşkil edilən “Bilik günü”nə Dövlət himninin səsləndirilməsi ilə başlandı. Məktəbin direktoru Ərşad Piriyev çıxışına təbriklə başlayaraq, ötən tədris ilinin yekunları, yeni dərs ilinə hazırlıq, təhsil islahatları ilə əlaqədar pedaqoji kollektivin qarşısında duran mühüm vəzifələr barədə danışdı.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək rayonun təhsil işçilərini, valideynləri və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Son illər respublikamızda, o cümlədən rayon məktəblərində əlverişli təlim mühitinin yaradılmasından, təhsilin inkişafı istiqamətində Prezident İlham Əliyevin gördüyü ardıcıl tədbirlərdən, Heydər Əliyev Fondunun xidmətlərindən bəhs etdi. Ötən tədris ilinin Zəngilan rayon təhsili üçün uğurlu il olduğunu, ali məktəblərə qəbul imtahanlarında rayon məzunlarından 21 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyini bildirdi.
Respublikanın bütün təhsil ocaqlarında olduğu kimi, rayon məktəblərində də ilk dərs vətənpərvərlik mövzusuna həsr edildi.