Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayonu üzrə kənd təsərrüfatı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair iclas keçirildi

08 avqust 2017 | 16:00

08 avqust 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında rayon üzrə kənd təsərrüfatı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair iclas keçirildi. İclasda RİH başçısı, başçının müavinləri,  rayonun aidiyyəti idarə-müəssisə, təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov yığıncağı açıq elan edərək 04  Avqust 2017-ci il tarixdə Qax rayonunda cənab Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsindən bəhs etdi.  Bildirdi ki, respublikada sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə olunmaqla ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər öz səmərəsini göstərir. Dövlət başçısının qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı qəbul etdiyi qərarlar və verdiyi tapşırıqlar ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorun inkişafına təkan verib.
Tütünçülüyün, baramaçılığın, fındıqçılığın, eləcə də, kənd təsərrüfatının digər sahələrinin ən uğurlu və sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son iki il ərzində bu ənənəvi sahələrin inkişafı üçün Dövlət proqramları çərçivəsində çox böyük işlər görülür. 2004-cü ildə cənab prezidentin təşəbbüsü ilə qəbul edilmiş Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramının nəticəsində Azərbaycanın bölgələri dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi, bölgələrdə lazım olan bütün infrastruktur layihələri icra olundu.
Pambıqçılıq, tütünçülük, baramaçılıq kimi sahələrdə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində dönüş yarandı. 2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çataraq, cəmi iki il ərzində təxminən 10 dəfə artdı. Azərbaycan indi böyük ixrac imkanları ilə xarici bazarlara çıxır. Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində hazır məhsul ixrac olunacaq. Digər sahələrdə də artım müşahidə olunur. İki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, bir neçə ildən sonra onlar bar verəcək.
Rayon rəhbəri qeyd etdi ki, kənd təsərrüfatının inkişafı ilə əlaqədar Sərəncam və tapşırıqlara uyğun dövlət dəstəyinin təmin olunması rayon üzrə göstəricilərə də öz təsirini göstərib, bu sahədə çalışanlarda  inam və böyük ruh yüksəkliyi yaradıb, yaxşı gəlir əldə edirlər.
Daha sonra rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Möhübbət Səmədov, Rayon Baytarlıq idarəsinin rəisi Elbəyi Əlifov, Rayon Statistika idarəsinin rəisi Fuad Şıxəliyev çıxış etdilər.
Ölkə başçısının kənd təsərrüfatının inkişafı üçün göstərdiyi qayğı və diqqətdən bəhs edildi və rayon üzrə göstəricilər təhlil olundu. Qeyd olundu ki, baramaçılığın inkişaf etdirilməsi üçün mühüm addımlar atılıb.
2017-ci ildə Sabirabad rayonunda məskunlaşmış əhali tərəfindən 65 kq  barama istehsal olunmuşdur ki, gələcəkdə bu sahəni genişləndirmək üçün Çin Xalq Respublikasından gətirilmiş tut tingləri 1 ha sahədə əkilmiş, aqrotexniki qaydada becərilmiş, budaqlara formanın verilməsi üçün budama işləri ilə yanaşı dib hissəsinin boşaldılması və suvarılma işləri görülüb başa çatdırılmışdır.
55 ha sahədə əkilmiş pambıq sahələri bütün aqrotexniki qaydalara uyğun olaraq becərilmiş, kultivasiya işləri ilə yanaşı suvarma işləri aparılmış, ziyanverici həşəratlara qarşı dərmanlama işləri də görülmüşdür. Hal-hazırda suvarma işləri davam etdirilir və bol məhsul gözlənilir.
Heyvandarlıq sahəsində bütün ekzotik tədbirlər görülərək başa çatdırılıb. Heyvanlar arasında kütləvi surətdə xəstələnmə halları qeyd edilməmişdir. Hal-hazırda proflaktik tədbirlər görülməkdə davam edir. Bu sahədə artım müşahidə olunaraq mal-qaranın baş sayı 115 baş, yəni  9  faiz artaraq 1463 başa, ondan ana inəklər 14 baş, yəni 2.3 faiz artaraq  630 başa çatdırıldı. Ev quşları 6827 baş  olmuşdur ki, bu da 2015-ci illə müqayisədə 318 baş, yəni 4.8  faiz artmışdır.
İclasın sonunda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirdi ki, həm dövlət dəstəyinin, həm də aidiyyəti qurumların birgə fəaliyyətinin və ictimaiyyət tərəfindən göstərilən dəstəyin nəticəsində rayon üzrə göstəricilər daha yaxşı olacaq. Bu sahəylə bağlı mühüm məsələləri diqqətə çatdıran rayon rəhbəri aidiyyəti qurumlara tapşırıqlar verdi.

Keçidlər