27 sentyabr- Anım Günü ilə əlaqədar tədbir keçirildi.
27 sentyabr- Anım Günü ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin və Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Zəngilan rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə rayonun 28 nömrəli tam orta məktəbinin akt zalında tədbir keçirildi.
Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilən tədbirdə daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov çıxış edərək bildirdi ki, hər bir xalqın tarixində yaddaşlardan silinməyən, gələcək nəsillərə ötürülən əlamətdar günlər vardır. Azərbaycan xalqı üçün 27 Sentyabr – Anım Günü məhz belə tarixi günlərdəndir. 44 gün davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və şücaət göstərərək torpaqlarımızın işğaldan azad olunmasına nail oldu. Bu tarixi Qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birlik və həmrəyliyi hesabına qazanıldı.
Daha sonra Zəngilan rayon 28 nömrəli tam orta məktəbin tarix müəllimi Natiq Orucov hərbi-siyasi gücümüzün, milli ruhumuzun və həmrəyliyimizin təntənəsi olan böyük Zəfərin təməlinin qoyulduğu şərəfli bir tarix olan 27 sentyabr – Anım günü ilə bağlı geniş məruzə ilə çıxış etdi. Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov, RİH başçısı aparatında Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda şöbə müdirinin müavini, sektor müdiri Kəmaləddin Məmmədov, Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Zəngilan rayonu üzrə sektorunun müdiri Kənan İmaməliyev, şəhid anası, Zəngilan rayon 7 nömrəli tam orta məktəbin direktoru Aygün Məmmədli, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon təşkilatının sədri Azad Musayev, Zəngilan rayon 26 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əlihüseyn Qəhrəmanzadə, məruzə ətrafında çıxış etdilər.
Sonda “27 sentyabrdan qələbəyə doğru gedən yol” adlı film nümayiş etdirildi.
Tədbirdə 27 Sentyabr – Anım Günü ilə əlaqədar şagirdlərin Vətənə, şəhidlərimizin əziz xatirəsinə olan hörmət və ehtiramı əks etdirən rəsmlərdən ibarət sərgi də nümayiş olundu.







