Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon gənclərinin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi

04 iyul 2017 | 16:00

Gənclərin müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncama əsasən, iyul ayının 4-də Masazır qəsəbəsində  məcburi köçkünlər üçün salınmış yaşayış massivində həqiqi hərbi xidmətə gedən Zəngilan rayon gənclərinin yolasalma mərasimi təşkil olundu.
Yolasalma mərasimində Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov, aparatın məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov, rayon hüquq mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, rayon ziyalıları, Qarabağ müharibəsi veteranları, həqiqi hərbi xidmətə çağrılan gənclər və onların valideynləri iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon rəhbəri Ramiz Həsənov çağrışçıları şərəfli Azərbaycan əsgəri adı münasibətilə təbrik edərək, Azərbaycan ordusunun yaranma tarixindən, ölkə başçısı cənab İlham Əliyevin Silahlı Qüvvələrimizin daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlərdən, Aprel döyüşlərində cəbhə xəttində düşmən təxribatının qarşısının alınması zamanı Silahlı Qüvvələrimizin nümayiş etdirdiyi qəhrəmanlıqdan danışdı.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov, valideyn Bəhribar Bəşirov çıxış edib, gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək, onlardan qələbə xəbərləri gözlədiklərini vurğuladılar. Zəngilan Rayon İcra Hakimiyyəti başçısının gənc  çağırışçıların Milli Ordu sıralarına yola salınmasına, eləcə də hərbi xidmətə göndərilən əsgərlərlə görüşlərin mütəmadi təşkilinə, əsgər ailələrinin qayğı və problemlərinin həllinə xüsusi diqqət yetirdiyini bildirdilər.
Çağırışçılar vətənə xidmət edəcəklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildirdilər. Vətənin müdafiəsində dayanan əsgərlərə göstərdiyi qayğıya görə ölkə başçısına, eləcə də gənc döyüşçülərə, onların ailələrinə həssas münasibətə görə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənova minnətdarlıqlarını bildirərək, əmin etdilər ki, Milli Ordu sıralarında ləyaqətlə xidmətlə onlara göstərilən etimadı doğruldacaqlar.
Yüksək təşkilatçılığı ilə diqqət çəkən tədbir konsert proqramı ilə, Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının ifası ilə davam etdirildi.
Sonda gənclər Azərbaycan Respublikasının dövlət bayrağının altından keçərək, onlar üçün ayrılmış xüsusi avtobusla təyin olunduqları hərbi hissələrə yola salındılar.

Keçidlər