Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Zəngilan Rayon Komitəsinin hesabat-seçki konfransı keçirildi
12 may 2017-ci il tarixdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Zəngilan Rayon Komitəsinin hesabat-seçki konfransı keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, ADİİXİHİ Respublika Komitəsinin nümayəndəsi Eldar Sultanov və Həmkarlar ittifaqının üzvləri iştirak etdilər.
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Zəngilan Rayon Komitəsinin sədri İman Məmmədov 5 il ərzində gördüyü işlər barədə hesabat məruzəsi ilə çıxış etdi. İ.Məmmədov bildirdi ki, əsası Ümummilli Lider, müdrik siyasətçi Heydər Əliyev tərəfindən qoyulmuş və dünyanın aparıcı dövlətlərinin dəstəklədiyi dövlətçilik kursu Prezident İlham Əliyevin analitik siyasi təfəkkürü sayəsində məharətlə, sistemli şəkildə və bütün aspektlər nəzərə alınmaqla uğurla davam etdirilir. Azərbaycan Respublikası yenidən müstəqillik qazandıqdan sonra ictimai həyatın bütün sahələrində olduğu kimi, həmkarlar təşkilatının işində də xeyli dəyişiklik baş vermiş, onların fəaliyyətində demokratik və aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa başlanmışdır.
Daha sonra rayonun iqtisadi, sosial sahədə göstəriciləri barədə məlumat verən natiq hesabat dövrü ərzində son üç ilin ― 2014-2015-2016-cı illərin yekunları barədə geniş məlumatı konfrans iştirakçılarının nəzərinə çatdırdı. İ. Məmmədov qeyd etdi ki, ümumilikdə, 303 nəfər Hİ üzvünün birləşdiyi rayon həmkarlar ittifaqı təşkilatına insanlarda maraq və inamın aşılanması, təşkilatın nüfuzunun yüksəldilməsi, üzvlərə diqqət və qayğının göstərilməsi həmkarlar ittifaqı təşkilatının əsas məqsədlərindən biri olmuşdur. Bu səbəbdən rayon rəhbərliyinin təşkilatçılığı, nəzarəti və dəstəyi ilə çoxlu sayda tədbirlər keçirilmiş, bayram günlərində uşaqların istirahətinin maraqlı və əyləncəli təşkili məqsədilə onlara şənliklərə biletlər paylanmış, yay aylarında istirahətlərinin səmərəli təşkili məqsədilə yollayışlarla təmin edilmiş, sağlamlıqlarının təmin edilməsi məqsədilə sanatoriyalara göndərişlər verilmişdir.
ADİİXİHİ Respublika Komitəsinin məsul işçisi E.Sultanov, RİH başçısının müavini N.Mönsümov və Komitənin üzvləri və konfransda iştirak edənlər hesabat çıxışına münasibət bildirərək hesabatı qənaətbəxş hesab etdilər. ADİİXİHİ-nin təftiş komissiyasının sədrinin hesabatından sonra Komitəyə və təftiş komissiyasına üzvlər seçildi. Açıq səsvermə nəticəsində İman Məmmədov yenidən ADİİXİHİ Zəngilan Rayon Komitəsinin sədri və ADİİXİHİ-nın VI qurultayına nümayəndə seçildi.