Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Sumqayıtda məskunlaşan zəngilanlı məcburi köçkünlərlə növbəti səyyar qəbulu keçirildi

25 aprel 2017 | 16:00

Təsdiq edilmiş qrafikə əsasən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu Sumqayıt şəhərində məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Qəbulda RİH başçısının müavinləri, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etdilər.
Qəbul zamanı rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə əldə edilmiş nəaliyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və həlli nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat  verdi. Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanmasının ata-baba yurdlarımıza “Böyük Qayıdış”ın təməli olacağını bildirdi.   Qeyri-neft sektorunun inkişafı ilə bağlı bir sıra mühüm tədbirlərdən, əhalinin məşğulluğu baxımından müstəsna əhəmiyyətə malik olan pambıqçılığın inkişafı üçün yaradılan şəraitdən bəhs edən Rayon İcra Hakimiyyətinin başçısı cənab prezidentin pambıqçılıq sahəsində əsaslı dönüş yaradılması ilə bağlı tapşırıqlarının icrasına əsasən Sabirabad rayonu, Rüstəmli kəndi ərazisində salınmış qəsəbədə məskunlaşmış zəngilanlı məcburi köçkünlərin həyətyanı sahələrində artıq pambıq toxumunun əkildiyini, bununla insanların  sosial rifahının daha da yaxşılaşacağını, əlavə iş yerləri yaranacağını bildirdi.
Daha sonra sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətlər dinlənildi.
Ölkəmizdə olan sabitliyə, inkişafa və məcburi köçkünlərə göstərilən diqqətə görə sakinlər ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər  və onları narahat edən bəzi çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Sakinləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verərək müsbət həll üçün mümkün tədbirlərin görüləcəyini bildirdi.

Keçidlər