Zəngilan rayonunun məktəbliləri “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində yola salındılar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar davam etdirilir.
16 mart tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Zəngilan və Şuşa rayonlarının ümumtəhsil məktəblərinin təhsildə və ictimai işlərdə fərqlənən 40 nəfər şagirdinin yolasalınma mərasimi keçirildi.
Keçirilən tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, məktəb direktorları, valideynlər və məktəblilər iştirak etdilər.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Quba-Qusar-Xaçmaz marşrutu üzrə reallaşdırılan maarifləndirici tur-aksiyada Zəngilan rayonundan 20 nəfər şagird iştirak edəcək. Bu layihənin şagirdlərin tariximizi, mədəniyyətimizi öyrənmələri üçün gözəl fürsət olduğunu qeyd edən N.Mönsümov şagirdlərə tur-aksiyadan müsbət şəkildə yararlanmağı tövsiyə etdi.
Mərasimdə çıxış edənlər “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışdı. Qeyd olundu ki, məktəblilər Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən tarixi, maddi-mədəniyyət nümunələri, və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar.
Yola salma mərasimi konsert proqramı ilə davam etdi.
Sonda tur-aksiyanın iştirakçıları onlar üçün ayrılan xüsusi avtobusla Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşdülər.