Şriftin ölçüsü :

Saytın rəngi :

AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin nümayəndə heyəti Masazırda məcburi köçkünlər üçün salınan yaşayış massivində oldular

15 mart 2017 | 16:00

15 mart  2017-ci il tarixdə Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin 40 nəfərdən ibarət  nümayəndə heyəti Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində yaradılan şəraitlə tanış oldular.
Nümayəndə heyətini Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov müşayət etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qonaqlara məcburi köçkün ailələri üçün salınan yaşayış massivi haqqında məlumat verərək, köçkünlüyün yaratdığı problemlər, onun aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan genişmiqyaslı tədbirlər, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışdı.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov qonaqlara Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir ki, məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımız üçün Azərbaycan dövləti tərəfindən yaradılan hərtərəfli şəraitlə yerində tanış olmaq məqsədilə görüşə gəldiklərinə görə təşəkkür etdi. Bildirdi ki, münaqişə nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb, tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində yaradılan Azərbaycan modelinin artıq nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir olunduğunu vurğulayan Gəray Fərhadov bu günədək həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi.
Sonra qonaqlar ərazidə yerləşən 33 nömrəli Zəngilan rayon tam orta məktəbində və “Şəfəq” uşaq bağçasında yaradılan şəraitlə tanış olub, erməni təcavüzü nəticəsində doğma yurd-yuvasından didərgin salınmış insanlarla, məktəbin pedaqoji kollektivinin üzvləri ilə görüşərək fikir mübadiləsi apardılar.
Söhbət zamanı bildirildi ki, Azərbaycan dövlətinin bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərməyinə, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlamağına baxmayaraq, hər bir qaçqın və məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır.

Keçidlər