Zəngilanlı məcburi köçkünlər üçün salınmış yaşayış massivində Novruz şənliyi keçirildi
Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı böyük təntənə ilə qeyd edildi.
Bayram şənliyində Rayon İcra Hakimiyyətinin, icra nümayəndəliklərinin məsul əməkdaşları, rayon üzrə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak etdi.
Novruzun özənəməxsus xüsusiyyətlərini və adət-ənələrini əks etdirən atributların nümayiş etdirildiyi bayram tədbirində, eyni zamanda, rayonun idmançıları müxtəlif idman nümunələri ilə öz məharətlərini sərgilədi. Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları tamaşaçılarda xoş ovqat yaratdı.
Ənənəvi bayram tonqalı yandırıldı. Bayram şənliyi incəsənət ustalarının, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Zəngilan rayon nümayəndəliyinin nəzdində fəaliyyət göstərən musiqi məktəblərinin kollektivinin təqdim etdikləri bayram konserti ilə davam etdi.