Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçısının müvafiq Sərəncam və Fərmanı məcburi köçkünlər tərəfindən yüksək razılıq hissi ilə qarşılandı

27 yanvar 2017 | 16:00

Yanvar ayının 27-də  Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli Sərəncamının və “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının icrası ilə bağlı müşavirə keçirildi.
Rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi müşavirədə RİH başçısı Ramiz Həsənov çıxış edərək bildirdi ki, qaçqın və məcburi köçkünlərə diqqət və qayğı daim dövlət siyasətinin əsasında dayanıb. Dövlət başçısının müvafiq Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi həyata keçirilən uğurlu sosial siyasətin davamıdır. Azərbaycan Respublikasının Prezidentinin dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə imzaladığı Fərmanda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün otuz altı manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.
Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuş, bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq dörd milyon manat vəsait ayrılmasını nəzərdə tutur. Bu Sərəncam məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının ilk müjdəçisidir.
Yığıncaqda çıxış edən məcburi köçkünlər dövlət başçısının müvafiq Sərəncam və Fərmanını yüksək razılıq hissi ilə qarşıladıqlarını, müxtəlif problemlərin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərin, göstərilən davamlı qayğının onların üzləşdikləri çətinliklərin tamamilə aradan qalxmasında mühüm rol oynayacağını bildirdilər və cənab Prezidentə minnətdarlıqlarını ifadə etdilər.
Müşavirənin sonunda rayon rəhbəri Fərmanın icrası ilə əlaqədar yerlərdə əhali arasında izahat və maarifləndirmə işləri aparmaq, görüləcək işlərin operativliyini təmin etmək məqsədilə aidiyyatı üzrə bütün idarə, müəssisə rəhbərlərinə və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə müvafiq tapşırıq və tövsiyələr verdi.

Keçidlər