Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

19 yanvar 2017 | 16:00

20 Yanvar 1990-cı il uzun illər Sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi, qanla yazılmış şərəfli bir tarixdir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.
Yanvarın 19-da Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Mədəniyyət və Turizm Şöbəsinin klubunda 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İlk olaraq ana yurdun müdafiəsində öz canlarını sipər edən şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edildi. Daha sonra aparıcılar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən dəhşətli, kütləvi qırğın hadisəsi barədə məlumat verdilər. Bildirdilər ki, Sovet ordusu Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə etiraz edən, azadlıq, müstəqillik uğrunda qəhrəmancasına mübarizə aparan xalqımızın inam və iradəsini qırmaq, milli mənliyini məhv etmək məqsədilə bəşər tarixində insanlığa qarşı ən qanlı hadisələrdən birini törətdi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Zəngilan rayon Bartaz kənd uşaq musiqi məktəbinin və rayon 4 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı, 20 Yanvar hadisələrinin igid övladlarının fədakarlığını əks etdirən “Azadlıq şəhidləri” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarında dərin təəssürat yaradaraq, şəhidlərimizin qanının yerdə qalmayacağına inam hissini artırdı.
Bu qələbəyə Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin  başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.

Keçidlər