Zəngilan rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” devizi altında səfərə çıxdılar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar keçirilir.
17 noyabr 2016-cı il tarixdə “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Zəngilan rayonunun ümumtəhsil məktəblərinin təhsildə və ictimai işlərdə fərqlənən 40 nəfər şagirdinin yolasalınma mərasimi keçirildi.
Yolasalma mərasimdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH əməkdaşları, məktəb direktorları, valideynlər, məktəblilər iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, bu gün Azərbaycan dövlətinə, xalqına bağlı, milli-mənəvi dəyərlərimizi, dilimizi, adət-ənənələrimizi bilən, savadlı, vətənpərvər nəsil yetişib. Təşkil edilən maarifləndirici tur-aksiyanın əhəmiyyətindən danışan N.Mönsümov bu layihənin şagirdlərin tariximizi, mədəniyyətimizi öyrənmələri üçün gözəl fürsət olduğunu vurğuladı.
Mərasimdə çıxış edən məktəb direktorları dövlət başçısının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların məktəblilərin dünya görüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına verəcəyi töhfələrdən danışdılar.
Daha sonra şagirdlər həmrəylik, birlik rəmzi olan yallı rəqsi nümayiş etdirərək avtobus ilə yola düşdülər.
Noyabr ayının 20-nə kimi davam edən tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə çıxan Zəngilan rayonu ümumtəhsil məktəblərinin şagirdləri ilk olaraq Gəncə şəhəri ilə tanışlığa Heydər Əliyev parkından və ulu öndərin adını daşıyan Mərkəzdən başladılar. Gəncənin Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi ilə tanış olduqdan sonra məktəblilər dahi söz ustası Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər. Şagirdlər şəhərlə tanışlığı Şah Abbas Məscidi, Çökək hamam tarixi-memarlıq abidələri, eləcə də Məhsəti Gəncəvi muzeyi və xalq qəhrəmanı Cavad Xanın məqbərəsi ilə davam etdirdilər. Daha sonra Şəmkir və Göygöl rayonlarının səfalı guşələri, maddi-mədəniyyət nümunələri, tarixi yerləri ilə tanış oldular.