Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilansız 23 il

29 oktyabr 2016 | 16:00

Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Zəngilan rayonunu işğal etməsindən 23 il ötür.
1993-cü il oktyabrın 28-dən 29-na keçən gecə işğalçı ermənilər Zəngilan rayonunu zəbt etdi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. Lakin erməni tankları dörd tərəfdən rayona hücuma keçib və zəngilanlılar silahlı birləşmələrinin qarşısını ala bilməyiblər. Oktyabrın 25-dən etibarən 4 gün ərzində Zəngilan rayonunun əhalisi vuruşaraq 250-yə yaxın şəhid verib. Rayonun 44 sakini itkin düşüb və onların taleyindən bugünədək xəbər yoxdur.
Ərazisi 707 kvadrat kilometr olan Zəngilan rayonu işğal olunanda əhalisi 32,6 min nəfər olub. Hazırda Zəngilanın 42874 nəfər əhalisi var.
32 min nəfərə yaxın rayon sakini hazırda məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıb.
Doğma Zəngilanın erməni silahlı birləşmələri tərəfindən işğalının 23-cü ildönümü ilə əlaqədar oktyabr ayının 29-da Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun rəhbərliyi ilə idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti paytaxtın Şəhidlər Xiyabanına gedərək, doğma torpaq, o cümlədən Zəngilan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarlarını tər gül dəstələri ilə ziyarət etdilər.
Ziyarətə gələnlərin, rayon ictimaiyyətinin qarşısında çıxış edən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qeyd etdi ki, Azərbaycanımızın ayrılmaz guşəsi olan Zəngilanın 1993-cü ilin oktyabrında erməni hərbi birləşmələri tərəfindən işğal olunması rayonun 33 mindən çox əhalisinin doğma yurdlarından didərgin düşməsinə səbəb olmuşdur. Ağrılı olsa da, biz hər il oktyabr ayının 29-da doğma torpaqlara sonsuz sevgi və bağlılıq hissimizlə bir araya gəlirik.
Rayon rəhbəri bildirdi ki, doğma yurda dönəcəyimiz gün yaxındadır. Biz öz ölkəmizin rəhbəri ətrafında sıx birləşmişik və əminik ki, cənab prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində öz ata-baba yurdumuza, Qarabağımıza, doğma Zəngilanımıza yaxın zamanlarda dönəcəyik. Füsünkar təbii gözəlliyi ilə seçilən Zəngilan öz sakinlərinə qovuşacaq.

Keçidlər