Şriftin ölçüsü :

Saytın rəngi :

2016-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

14 oktyabr 2016 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısının müavinləri, aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Giriş sözü ilə iclası açan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov  Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən bəhs etdi. Rayon rəhbəri dünyada təhlükələrin artdığı, iqtisadi böhranın daha da dərinləşdiyi bir vaxtda Azərbaycanda uğurlu inkişafın təmin edilməsinin, ictimai-siyasi vəziyyətin sabitliyinin respublikada aparılan məqsədyönlü və hərtərəfli siyasətin nəticəsi olduğunu vurğuladı. Ölkədə keçirilən referendum seçkiləri barədə danışan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, demokratik, ədalətli və şəffaf şəkildə keçirilən referendum siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir.
Yığıncaq RİH başçısının müavini Nizami Mönsümovun görülən işlər barədə çıxışı ilə davam etdirildi. N.Mönsümov qeyd etdi ki, fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələb və göstərişləri əsasında quran Zəngilan Rayon İcra Hakimiyyəti cari ilin doqquz ayı ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı bəzi işlər görmüş və bir sıra tədbirlər həyata keçirmişdir.
Cari ilin 9 ayı ərzində ölkənin 46 şəhər və rayonunda məskunlaşan və 43794 nəfər əhalini əhatə edən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların davamlı fəaliyyətlərinə nəzarət edilmiş, əhalinin hərəkəti və ictimai-siyasi sabitlik diqqət mərkəzində saxlanılmışdır.
2016-cı ilin doqquz ayında Ümumi Məhsul Buraxılışının həcmində ötən illə müqayisədə artım olmuş, o cümlədən kənd təsərrüfatında 20,6% artım müşahidə edilmiş, statistik göstəricilərin aparılan işlərin artım tempinə uyğun olması təmin edilmişdir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən növbəti (2014-2018-ci illər) Dövlət Proqramında əsas rol oynayan və mövcud vəziyyətdə dövlətin diqqətinin yönəldiyi sahibkarlığın dəstəklənməsi istiqamətində iş aparılmış, görülən tədbirlərin nəticəsi olaraq cari ilin doqquz ayında yeni iş yerlərinin sayı artaraq 61-ə çatmış, ölkə başçısının 01 iyul 2004-cü il tarixli məlum Sərəncamına uyğun olaraq mövcud şəraitdə sahibkarlığın inkişafına və məşğulluqla bağlı məsələlərə ciddi fikir verilmişdir.
Əvvəlki illərin ənənəsinə sadiq qalan rayon Məşğulluq Mərkəzində bu istiqamətdə xeyli iş görülmüş, əmək qabiliyyətli işsiz məcburi köçkünlərin mərkəzin xətti ilə işə cəlb edilməsi istiqamətində lazımi iş aparılmış, 2016-cı ilin 9 ayı ərzində müraciətlərin sayı artmış, qeydə alınmış 312 müraciətdən, göndəriş əsasında 36 nəfər işsiz vətəndaşın «Azəravtoyolservis» ASC-də, «Azərbaycan Dəmir Yolları» QSC-də, «Azərişıq» ASC-də, «Bakı Metropoliten» QSC-də, «Azərbaycan Hava Yolları» QSC-də, SOKAR-də və digər dövlət qurumlarında işə düzəlmələri təmin edilmiş, 17 nəfəri qadın olmaqla 20 nəfər «Kompyüter istifadəçisi» kursuna göndərilmiş, 53 nəfərə işsizlik statusu verilməklə, 54 nəfərə işsizlik müavinəti təyin edilmiş, bu sahədə aparılan işlər «Məşğulluq haqqında» qanunun tələblərinə cavab verməklə qənaətbəxş olmuşdur.
Bakı şəhərinin Sabunçu, Nizami, Xətai, Nərimanov, Səbail və Binəqədi rayonlarının ərazilərindən və digər məskunlaşma ərazilərindən 68 ailə 250 nəfər məcburi köçkünün mənzil şəraitləri Dövlət Proqramına uyğun olaraq yaxşılaşdırılaraq tam şəraiti olan yeni mənzillərə köçürülməsi təmin edilmişdir.
Rayon büdcəsinin yerli gəlirləri proqnozu ötən ilin eyni dövrü ilə müqayisədə artıq olmaqla, yerli daxilolmalar proqnozuna 9 aylıqda 102,7%, «Büdcə sistemi haqqında» qanunun tələbləri gözlənilməklə, ümumilikdə təyinata 95,8% əməl edilmiş, təyinatdan kənarlaşmalara yol verilməmişdir.
2016-cı ilin 9 ayında İHB-nın Xeyriyyə Fondundan ümumilikdə 81 məcburi köçkün ailəsinə, 9 şəhid ailəsinə, 7 nəfər Qarabağ əlilinə, 28 nəfər aztəminatlı və ailə üzvü xəstə olan ailələrə, 29 yası düşmüş ailələrə, 1 nəfər Çernobil əlilinə yardım edilməklə digər vacib xeyriyyə tədbirlərinin keçirilməsi təmin edilmiş, 7 imkansız məcburi köçkün ailəsinin müraciətləri əsasında mənzil şəraitinin yaxşılaşdırılması üçün köməklik olunmuşdur.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında-ölkənin əsas Qanununda, yaranmış zərurət baxımından dəyişiklik edilməsi ilə bağlı cari ilin sentyabr ayının 26-da keçirilmiş ümumxalq səsverməsi-refendumda əvvəlki illərdə olduğu kimi əhalimizin fəallığı yüksək səviyyədə olmuş, seçicilərin 66,5%-i referendumda iştirak etmiş, həmişəki kimi zəngilanlıların dövlətə və dövlətçiliyə sadiqliyi nümayiş etdirilmişdir.
Daha sonra məruzə ətrafında müzakirələrdə Zəngilan rayon İcra Hakimiyyətinin Ördəkli кənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cоşğun Musayеv, rayon Təhsil şöbəsinin müdiri Zakir İbrahimov, Mədəniyyət və Turizm şöbəsinin müdiri Mehman Nəsirov çıxış etdilər.
Yekunda zəngilanlıların həmişə olduğu kimi, bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşəcəyinə, bütün sahələrdə öz işlərini onun apardığı məqsədyönlü siyasətin tələbinə uyğun quracaqlarına əminlik ifadə olundu.

Keçidlər