Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edildi

15 iyul 2016 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyəti iyulun 15-də idarə-müəssisə, aidiyyəti təşkilat rəhbərlərinin, icra nümayəndəliklərinin iştirakı ilə keçirdiyi geniş yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısının giriş və yekun nitqində qarşıya qoyulmuş vəzifələr baxımından öz işini təhlil etdi.
Əvvəlcə Rayon İcra Hakimiyyəti başçısının məruzəsi dinlənildi.
Məruzədə qeyd edildi ki, ötən müddət ərzində mövcud fəaliyyətdə olan idarə, müəssisə və təşkilatlarda aparılan işlərə, həmçinin 43,7 min nəfər əhalinin məskunlaşdığı 46 rayonda, onların hərəkətini tənzimləyən 22 inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətinə nəzarət etmiş, əhalinin hərəkəti və ictimai-siyasi sabitliyi diqqət mərkəzində saxlamışdır.
Ümumilikdə rayon üzrə kənd təsərrüfatında 3,9% artım qeydə alınmış, kənd təsərrüfatı yönümlü fərdi təsərrüfatların sayında artım müşahidə olunmuşdur.
Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması məsələlərini tənzimləyən Dövlət Proqramının icrası nəticəsində cari ilin I yarısında Xətai, Nizami, Səbail və Nərimanov rayonlarının ərazilərindən 44 məcburi köçkün ailələrin tam şəraiti olan yeni mənzillərə köçürülməsi və ya köçürməni həyata keçirən aidiyyəti qurumlar tərəfindən kompensasiya verilməsi təmin edilmiş, ümumilikdə məcburi köçkün əhalimizin təxminən 23%-nin mənzil şəraitləri Dövlət Proqramına uyğun olaraq yaxşılaşdırılmışdır.
Rayon Məşğulluq Mərkəzinə müraciət edən 281 nəfər qeydə alınmış, işsiz məcburi köçkün sakinlərdən 36 nəfərinin göndəriş əsasında işə düzəlmələri təmin edilmişdir. 
2015/2016-cı tədris ilini 34 ümumtəhsil məktəbi və 3 məktəbdənkənar müəssisə müvəffəq göstəricilərlə başa vurmuş, təlimdə 99,8% mənimsəmə qeydə alınmışdır.
Mərkəzi rayon xəstəxanasının 5 həkim kabinetindən ibarət poliklinikası və Sabirabad rayonu ərazisində yerləşən yeni qəsəbədə fəaliyyətə başlayan həkim məntəqəsi tibbi xidmətlə xəstələrə qayğı göstərmişdir.
Mədəniyyət və Turizm Şöbəsi müxtəlif tədbirlərin lazımı səviyyədə hazırlanıb keçirilməsini təşkil etmiş, tabeliyində olduğu musiqi məktəblərinin, mədəniyyət evi, klub və kitabxananın Şöbə ilə əlaqəli işini təmin etmiş, Tarix Diyarşünaslıq Muzeyinə yeni eksponatların toplanmasına diqqət artmışdır.
Rayon Gənclər və İdman idarəsi gənclərin asudə vaxtlarının düzgün təşkili, onların yaradıcılıq imkanlarının üzə çıxarılması ilə bağlı işlər  aparmışdır.
Bu ilin aprel ayının əvvəlində Ermənistanın təmas xəttində törətdiyi təxribatın qarşısının alınması istiqamətində Milli Ordumuzun apardığı və qələbə ilə nəticələnən döyüş əməliyyatlarında rayon gənclərindən 3 nəfərin şəhidlik zirvəsinə yüksəlməsi, Rayon İcra Hakimiyyətinin başçısı başda olmaqla rayon ictimaiyyətinin iştirak etdiyi şəhidlərin dəfn mərasimlərində yüksək vətənpərvərlik mövqeyinin nümayiş olunması rayon gəncləri arasında aparılan məqsədyönlü işin müsbət nəticəsi kimi qiymətləndirilir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzində vətəndaşların əsaslı müraciətləri müsbət həllini  tapmışdır.
DSMF rayon şöbəsi 5342 nəfər pensiyaçıya xidmət göstərmiş, pensiya və müavinətlərin ödənişində gecikmə olmamışdır.
İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə aparılan işlər “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və “Dövlət qulluğu haqqında” qanunun tələbləri əsasında qurulmuşdur.
Vətəndaş müraciətlərinə davamlı olaraq diqqət artırılmış, birinci yarımildə vətəndaşlardan ötən il ilə müqayisədə sayı 328 az olmaqla, 163 ərizə daxil olmuş, daxil olmuş ərizələrin ev, torpaq verilməsi və Dövlət Proqramından kənar köçürmə məsələləri istisna olmaqla, 50%-i müsbət həll edilmişdir.
Əhalinin fərdi və ya kütləvi məskunlaşdıqları yerlərdə qarşılaşdıqları problemlərin yerində həllini tənzimləyən səyyar görüş-qəbulların keçirilməsinə diqqət daha da artırılmış, birinci yarımildə müxtəlif məskunlaşma ünvanları daxil olmaqla 23 səyyar görüş keçirilmiş, görüşlərdə sakinlər tərəfindən qaldırılmış müxtəlif xarakterli 62 müraciətdən 87%-i müsbət həll edilmiş, qalan müraciətlərə yerində hüquqi izahat verilmişdir.
Regionların İnkişafı Analitik İnformasiya Sistemi (RİAİS) proqramının işinə nəzarət edilmiş, rayon üzrə mövcud şəraitə uyğun və müvafiq iqtisadi göstəricilərin, tədbir və məlumatların vaxtında müvafiq formalar üzrə tələb olunan qaydada hazırlanıb server mərkəzinə göndərilməsi və “Zəngilanın səsi” rayon qəzeti vasitəsilə məskunlaşma yerlərində əhaliyə çatdırılması təmin edilmişdir.
RİH başçısı tərəfindən  vətəndaşların aparatda qəbulu sistemli və müntəzəm olaraq keçirilmiş, əhalinin həssas təbəqəsi olan şəhid ailələri, Qarabağ əlilləri, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilmişdir.
Müraciətlərdən 3-ü ev təmiri, 67-si maddi yardım, 5-i iş, 17 -si sosial məsələlər, 1-i təhsil, 3-ü təsərrüfat ayrılması, 9-u ev məsələsi, 1-i torpaq, 2-si digər məsələlərlə bağlı olmuşdur. Mənzil və torpaq məsələsi, yaş senzi ilə bağlı iş məsələsi istisna olmaqla, qalan müraciətlərin əsasən müsbət həlli təmin edilmişdir.
Maddi köməyə ehtiyacı olan 6 şəhid ailəsinə, 4 nəfər Qarabağ əlilinə, 32 aztəminatlı və ailə üzvü xəstə olan ailələrə, 14 yası düşmüş ailəyə, ümumilikdə 167 nəfər məcburi köçkünə yardım edilmiş, 4 imkansız məcburi köçkün ailəsinin müraciətləri əsasında mənzil şəraitinin yaxşılaşdırılması üçün Xeyriyyə Fondundan köməklik olunmuşdur.
Mövsümi xarakter daşıyan tədbirlərdən olan ağac əkini kompaniyası davam etdirilmiş, məcburi köçkünlərin kütləvi məskunlaşdığı qəsəbələrdə, ərazisi olan məktəb, uşaq bağçası və digər sosial obyektlərin həyətlərində 800-dən çox ağac əkilmişdir.
Rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin məcburi köçkünlərlə onların məskunlaşdıqları ərazilərdə işgüzar görüşlərin keçirilməsi və söhbətlərin aparılması, hüquqi izahat verilməsi gündəlik işlərinin tərkib hissəsi olmuşdur.
Məruzə ətrafında müzakirələrdə RİH başçısının müavinləri Seyfəddin Paşayev, Nizami Mönsümov, Məmmədbəyli кənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nərminə Bağırоva, rayon Təhsil şöbəsinin müdiri Zakir İbrahimov, ƏSMM-in direktoru Həsən Ələkbərov çıxış etdilər.
Yekunda zəngilanlıların həmişə olduğu kimi, bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşəcəyinə, bütün sahələrdə öz işlərini onun apardığı uğurlu siyasətin tələbinə uyğun quracaqlarına əminlik ifadə olundu.

Keçidlər