Azərbaycan mətbəxinin təbliğatında mühüm rol oynayan I Beynəlxalq Dolma Festivalı keçirildi
Heydər Əliyev Fondunun, Abşeron rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanda I Beynəlxalq Dolma Festivalı keçirildi.
Festival iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki Heydər Əliyev Parkında ümummilli liderin xatirəsinə ucaldılmış abidəsi önünə tər çiçəklər düzərək Ulu Öndərin əziz xatirəsini etiramla yad etdilər. Daha sonra “Neapol” restoranında festivalın açılışını bildirən rəmzi lent kəsilərək müsabiqəyə start verildi və nümayiş etdirilən dolmalara baxış keçirildi.
Müsabiqəyə Zəngilan rayonu da daxil olmaqla respublikanın 24 rayonundan 400-ə yaxın iştirakçı qatıldı. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən İndoneziya, Türkiyə və Ukrayna səfirliklərinin aşbazları tərəfindən hazırlanan dolma çeşidləri münsiflər heyətinə təqdim olundu.
Münsiflər heyətinə 300 çeşiddə dolma təqdim olundu. Ən çox dolma çeşidinə görə Azərbaycan Ginnesin Rekordlar kitabına düşüb.
6 nominasiya üzrə keçirilən yarışda rayonumuz ölkəmizin rayon və şəhərləri arasında 3-cü yeri tutdu.
Sonda qalib komandalara diplom, medal və qiymətli hədiyyələr təqdim edildi.