Zəngilan rayon məktəblərində “Son zəng” tədbirləri təntənə ilə keçirildi
Ənənəvi olaraq Zəngilan rayon məktəblərində yüksək səviyyədə təşkil olunan “Son zəng” tədbirləri 33 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısının, təhsil şöbəsinin məsul işçilərinin iştirakı ilə keçirildi.
Tədbir dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edildi. Yığıncaqda toplaşan çoxsaylı şagird və müəllimlərin, valideynlərin qarşısında çıxış edən məktəbin direktoru Ərşad Piriyev bu il 11-ci sinfi bitirən məzunlara uğurlar arzuladı. O, həmçinin qeyd etdi ki, dövlət başçısı tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər rayonumuzda da öz əksini tapır.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, xüsusilə məcburi köçkün uşaqlarının təhsil aldığı məktəblərin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər barədə danışdı. Müəllimləri, valideynləri, şagirdləri tədris ilinin uğurla başa çatması ilə əlaqədar təbrik edən rayon rəhbəri məzunlara müstəqil həyatda atacaqları addımlarda müvəffəqiyyətlər arzuladı.
Tədbirdə çıxış edən məktəbin müəllimləri Şəfəq Nəcəfova, Toqət Ağayeva, valideyn Mətanət Həsənova müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
Tədbir məktəbin 1-ci və məktəb həyatına əlvida deyən 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət musiqili-bədii hissə ilə davam etdi.
Rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçirilərək məzunların həyatında yadda qalan bir günə çevrildi.