Şriftin ölçüsü :

Saytın rəngi :

2025-ci il – Konstitusiya və Suverenlik İli: Dövlətçiliyimizin təntənəsi və Zəngilanın tarixi rolu

05 avqust 2025 | 09:36

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli, 294 nömrəli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçiliyimizin müasir mərhələdə əldə etdiyi tarixi nailiyyətlərin dərin hüquqi və siyasi qiymətləndirilməsinin bariz nümunəsidir.

Bu əlamətdar qərar, ilk növbədə, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyinin və Vətən müharibəsində qazanılmış qələbənin 5 illiyinin qeyd edildiyi bir dövrə təsadüf etməklə, ölkəmizin müstəqil hüquqi dövlət kimi formalaşmasının və ərazi bütövlüyünün bərpasının təntənəsidir. Bu kontekstdə Zəngilan rayonunun timsalında Azərbaycan xalqının suverenlik uğrunda apardığı mübarizənin nəticələri xüsusi əhəmiyyət kəsb edir.

1993-cü ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində işğal edilən Zəngilan rayonu, Azərbaycan Respublikasının suveren hüquqlarının kobud şəkildə pozulduğu bölgələrdən biri olmuşdur. Müvafiq dövrdə beynəlxalq hüquq normalarına zidd olaraq həyata keçirilmiş işğal faktı, eyni zamanda Azərbaycan Konstitusiyasının 11-ci maddəsində təsbit olunmuş ərazi toxunulmazlığı prinsipinə zidd idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanmış və 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir. Məhz 2020-ci il oktyabrın 18-də başlanmış Zəngilan döyüşləri nəticəsində rayonun inzibati mərkəzi olan Zəngilan şəhəri və ətraf yaşayış məntəqələri qısa müddətdə Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları ilə işğaldan azad olunmuşdur. Bu tarixi hadisə təkcə ərazi azadlığı deyil, həm də Konstitusiya hüquqlarımızın faktiki bərpası kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi artıq Zəngilan da daxil olmaqla bütün azad edilmiş ərazilərdə tam tətbiq olunur.

2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal antiterror əməliyyatı ilə ölkəmizin suverenliyi tam bərpa olunmuş, dövlət idarəçiliyi və hüquq mühafizə institutları bu ərazilərdə fəaliyyətə başlamışdır. Zəngilan rayonunda postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq tədbirləri, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, konstitusion hüquqların real təminatı, vətəndaşların təhlükəsiz və ləyaqətli həyat şəraitinin yaradılması istiqamətində atılan ardıcıl addımlar dövlətimizin əsas prioritetlərindən biridir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu baxımdan yalnız hüquqi əhəmiyyət daşımır, eyni zamanda bütün bölgələrdə, o cümlədən Zəngilanda dövlətçiliyin rəmzi, suverenliyin və qanunun aliliyinin təcəssümü kimi xüsusi mahiyyət kəsb edir. Zəngilan torpağı bu gün öz tarixi kimliyinə və hüquqi statusuna qovuşaraq, Azərbaycan dövlətçiliyinin parlaq təcəssümünə çevrilmişdir. Konstitusiya və Suverenlik İli çərçivəsində bu reallığın möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi hər birimizin borcudur.

 

 

Zəngilan rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas :               Anar Mahmudov

Keçidlər