Ağacəkmə aksiyası davam edir
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun iştirakı ilə may ayının 10-u Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinin ərazisində iməclik keçirildi. Ulu Öndər Heydər Əliyevin 93 illik yubileyinə həsr olunmuş ağac əkmə kampaniyasında Masazır qəsəbəsində 800 ağac, 161 ailəlik Sabirabad qəsəbəsində isə 730 ağac əkildi.
Zəngilan rayonu üzrə ağacəkmə aksiyası çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər şəhərciyindəki “Şəfəq” uşaq bağçası-körpələr evinin, mədəniyyət və turizm şöbəsinin, tibb məntəqəsinin ətrafında, həmçinin rayonun 33 nömrəli məktəbinin həyətində də müxtəlif ağaclar əkilmişdir. Bu aksiyada aparatın məsul işçiləri, rayonun inzibati orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişdir.