20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümumilli lider Heydər Əliyevin rolu” adlı tədbir keçirildi
Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan rayon Mədəniyyət evində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon, kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, müəssisə və idarə rəhbərləri, rayon ictimaiyyəti iştirak etdi.
İlk öncə Zəngilan rayon məktəblərində təhsil alan şagirdlərin hazırladığı, 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxıldı. Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan ümumrayon tədbirinin rəsmi hissəsində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək faciənin tarixindən bəhs etdi.
Daha sonra tədbir iştirakçıları faciəni əks etdirən video çarx izlədilər. Sonda 33 saylı Zəngilan rayon tam orta məktəbinin şagirdlərinin hazırladığı kompozisiya nümayiş etdirildi.