“2 iyul- Azərbaycan Polisi Günü” ilə əlaqədar geniş rayon tədbiri keçirildi.
02 iyul 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində “2 iyul- Azərbaycan Polisi Günü” ilə əlaqədar geniş rayon tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Zəngilan rayon Polis şöbəsinin rəisi Bəkir Cabbarov, YAP Zəngilan rayon təşkilatı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Aparatın məsul işçiləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri, idarə-müəssisə rəhbərləri, rayon ziyalıları, QHT-lərin yerli nümayəndələri, qazilər, rayon ağsaqqalları, keçmiş polis əməkdaşları iştirak etdilər.
Tədbir Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Zəngilan Rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov rayonun bütün polis işçilərini bu peşə bayramı günü münasibətilə təbrik etdi, onlara çətin və şərəfli işlərində uğurlar arzuladı. Sonra Zəngilan rayon Polis şöbəsinin rəisi polis polkovniki Bəkir Cabbarov Respublika Daxili İşlər Naziri polis general polkovniki cənab Vilayət Eyvazovun polis işçilərinə təbrik məktubunu oxuduqdan sonra məruzə ilə çıxış etdi.
Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis şöbəsinin bir qrup polis əməkdaşı rayon İcra hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olundular.